İsrailin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AzerTimes xəbər verir ki,
məktubda deyilir:

“Zati-aliləri,

İcazə verin, İsrail Dövləti və xalqı adından bu əlamətdar gün –
ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyi münasibətilə Sizi təbrik edim.

Bu ildönümü İsrail Dövləti və Azərbaycan Respublikası arasında
yaxşı ikitərəfli münasibətlərdən, o cümlədən siyasi, iqtisadi,
mədəni və bir çox müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq
əlaqələrindən məmnunluğumuzu bildirmək üçün gözəl fürsətdir.
Münasibətlərimizin yenilənməsi ilə əlamətdar olan bu hadisə mənim
üçün xüsusilə əzizdir, belə ki, İsrailin mərhum VI Prezidenti,
mənim atam Haim Hersoq həmin vaxtı dövlət başçısı idi.

İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu
ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın
İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi
olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından
sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz
arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.

Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak
etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə
dəvət etmək istərdim. Həmçinin Sizi və Azərbaycan xalqını Novruz
bayramı münasibətilə təbrik etməkdən böyük məmnunluq hissi
duyuram.

Qoy bu münasibətlərimiz gələcəkdə daha da genişlənsin və
dərinləşsin”.

Teqlər: