Prezident İlham Əliyev: Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasındakı sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır

Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud
olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.
Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən 30 ildə siyasi, iqtisadi,
hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər
sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edib, dostluq
əlaqələrimiz daha da möhkəmlənib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə
İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin İsrail
Prezidenti İsxak Hersoqa təbrik məktubunda bildirilir.

“Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və
harmoniya şəraitində yaşayan yəhudi icması, həm İsraildə, həm də
dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli
həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə
öz töhfələrini verməkdədilər”, – deyə dövlətimizin başçısı
təbrikində vurğulayır.

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və əhatə
dairəsinin genişlənməsi üçün yaxşı imkanlar olduğunun qeyd edildiyi
təbrik məktubunda daha sonra deyilir: “İnanıram ki, bir-birinə
böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud
imkanlardan yararlanaraq birgə səylərimizlə ənənəvi dostluq
əlaqələrimizin, səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə
nail ola bilərik”.

Teqlər: