İsrail şirkətləri həmişə Azərbaycanda işləməyə çalışırlar, çünki etimad var – nazir Yoel Razvozov (Müsahibə) (FOTO/VİDEO)

İsrail şirkətləri həmişə Azərbaycanda işləməyə çalışırlar, çünki
etimad var.

Bunu Trend
eksklüziv müsahibəsində Bakıda səfərdə olan İsrail-Azərbaycan birgə
hökumətlərarası komissiyanın həmsədri, İsrailin turizm naziri Yoel
Razvozov deyib.

“Səfərin proqramı çox zəngin idi. Mən təkcə İsrailin Turizm
Nazirliyini təmsil etmirəm, həm də İsrail-Azərbaycan
hökumətlərarası komissiyasının həmsədriyəm. Azərbaycan tərəfdən
həmsədr, iqtisadiyyat naziri Mikayıl Cabbarovla birlikdə biz bir
sıra görüşlər keçiririk, xüsusən də iki ölkə arasında ticarət
dövriyyəsinin artırılması, eləcə də iqtisadiyyatın digər
sahələrində əməkdaşlıq məsələləri ilə bağlı. Çoxlu işlər görülüb,
lakin böyük potensial var, ona görə də biz növbəti addımlar
üzərində işləyirik. Səfər Azərbaycan Prezidenti İlham Əliyevlə
görüşlə başlayıb. Biz çox səmimi görüş keçirdik və hər iki dövlətin
təbliği ilə bağlı bir sıra məsələləri müzakirə etdik. Gənclər və
idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri Mədət Quliyev,
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbəri Cahangir Əsgərovla
da görüşlər keçirmişəm. Bütün görüşlər məhsuldar keçdi”, – deyə o
bildirib.

Yoel Razvozov qeyd edib ki, İsrail şirkətləri ilə Azərbaycanın
dövlət qurumları arasında iki saziş imzalanıb.

“Azərbaycanın Dövlət Vergi Xidməti, eləcə də “Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı” ASC ilə sənədlər imzalanıb. Bu, hələ
başlanğıcdır, biz daha bir çox müqavilələr imzalayacağıq”, –
israilli nazir vurğulayıb.

Yoel Razvozov AZAL rəhbərliyi ilə danışıqların təfərrüatlarından
da danışıb.

“AZAL rəhbəri ilə yayda şirkət həyata keçirdiyi reyslərinin
sayını həftədə ikidən beşə çatdırmaq barədə razılığa gəldik. İsrail
şirkətləri də Azərbaycana uçuşları artıracaq. Birbaşa uçuşların
olması turist axınının səviyyəsinin artmasına, bununla da turizm
sahəsində əməkdaşlığın inkişafına və ölkələrin populyarlığına kömək
edir. Uçuşların sayının artması həmişə iqtisadi amillərdən
asılıdır. Əgər 2016-cı ildə Azərbaycana İsraildən 10 000 turist
gəlibsə, COVID-19 pandemiyası başlamazdan əvvəl bu rəqəm 50 000-dək
artıb ki, bu da uçuşların sayının artırılmasına tələbatın olduğunu
göstərir. Azərbaycandan İsrailə də böyük turist axını var. Hesab
edirəm ki, hər iki istiqamətdə turistlərin sayını dəfələrlə
artırmaq potensialı var”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ötən il İsraildə ticarət və
turizm bürosunun açılması iki ölkə arasında biznesin inkişafına
töhfə verəcək.

“Turizm ofisinin açılışında iştirak etmək mənim üçün böyük şərəf
idi. Biz Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə
ofis açdıq, o da çox böyük işlər görür. Ofis çox yaxşı yerdədir.
Orada siz Azərbaycan haqqında çox şey görə bilərsiniz. Bu büro
təkcə İsraildən deyil, digər ölkələrdən də turistlərin cəlb
edilməsinə kömək edəcək, çünki Təl-Əvivə dünyanın hər yerindən
turistlər gəlir”, – Yoel Razvozov qeyd edib.

O vurğulayıb ki, Azərbaycan israillilər üçün maraqlı turizm
istiqamətidir.

“Azərbaycanda çox görməli yerlər var, hər dəfə burada yeni
məkanlar kəşf edirəm. İsraildə də Azərbaycandan olan turistlərin
marağına səbəb ola biləcək gəzməli-görməli yerlər var: Təl-Əviv –
24/7 yaşayan startaplar şəhəri, Eylat, Qırmızı dəniz, Aralıq
dənizi. Biz həmçinin qida, şərabçılıq və etnik turizmi inkişaf
etdiririk. Düşünürəm ki, israillilər Azərbaycanda xüsusilə qış
turizminə maraq göstərə bilərlər. Azərbaycan israillilər üçün
maraqlı turizm məkanıdır. Bu gözəl ölkədir – doqquz iqlim tipi var,
israilli turistə lazım olan hər şey var. Pandemiya ilə bağlı
məhdudiyyətlər aradan qaldırıldıqdan sonra biz sərhədlərimizi
açmışıq və Azərbaycandan gələn turistləri isti ölkəmizdə
gözləyirik. Düşünürəm ki, reyslərin sayı artdıqdan sonra da onlara
tələbat böyük olacaq. Biz bu istiqamətdə əməkdaşlığa böyük ümidlər
bəsləyirik. Turizm xalqlar səviyyəsində əlaqələrin inkişafına kömək
edir”, – Yoel Razvozov əlavə edib.

Bu il İsraillə Azərbaycan diplomatik münasibətlərin qurulmasının
30 illiyini qeyd etdiklərini deyən nazir bu müddət ərzində çox
böyük işlərin görüldüyünü vurğulayıb.

“Qürur duyacağımız çox şey var. 30 il ərzində böyük işlər
görülüb və bu gün biz onun bəhrəsini görürük. Amma daha çox
potensial var. Biz daha çox şey edə bilərik. Ona görə də
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla biznesin rahat
aparılmasını təmin etmək üçün iqtisadi əlaqələrin təşviqi üçün
müvafiq platformanın yaradılmasını müzakirə edirik. Bizim
əməkdaşlığı inkişaf etdirə biləcəyimiz çoxlu sənaye sahələri var.
Bəzi hökumətlərarası komissiyalar nominaldır, lakin elələri var ki,
həqiqətən işləyir və fəaliyyət göstərir. İsrail-Azərbaycan
hökumətlərarası komissiyasının iclasları həmişə konkret nəticələrlə
yekunlaşır. Biz biznes üçün ən əlverişli şəraitin yaradılmasına
çalışırıq. Hökumətlər, millətlər arasında etimad biznesin inkişafı
üçün mühüm amildir. İsrail şirkətləri Azərbaycanda biznes qurmaqdan
çəkinmirlər. Biznesdə həmişə risklər var. İsrail şirkətləri həmişə
Azərbaycanda işləməyə çalışırlar, çünki etimad var, yaxşı
münasibətlər var”, – deyə o əlavə edib.

Yoel Razvozov Azərbaycan ilə İsrail arasında çox sıx dostluq
münasibətlərinin olduğunu vurğulayıb.

“Bu münasibətlər strateji xarakter daşıyır. İsrail hər zaman
Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun bərpasını
alqışlayır. İsrail şirkətləri Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinin inkişafında iştirak etməyə hazırdır. Səfərimin
gündəmində bu mövzu da var. İş qrafiki sıx olduğundan Füzuli
Beynəlxalq Hava Limanına getməyə vaxtım olmadı. Ümid edirəm ki,
növbəti dəfə bu hava limanını ziyarət edə biləcəyəm. Tələbat
olarsa, İsrail şirkətləri də Füzuli Beynəlxalq Hava Limanına da
uçuşlar həyata keçirməyə maraq göstərəcək. İsrail şirkətləri
işğaldan azad edilmiş ərazilərdə su təchizatı, ağıllı şəhərlərin
tikintisi kimi layihələrdə, eləcə də enerji sektorunda iştirak
etməyə hazırdır. Biznesin qurulması ilə burada turizmin inkişafına
da maraq yaranacaq. Düşünürəm ki, bu, yaxın gələcəkdə baş verəcək”,
– deyə o bildirib.

Nazir Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinə
hörmətlə yanaşılmasını da yüksək qiymətləndirib.

“Azərbaycanda yəhudi icması həmişə başqa xalqların nümayəndələri
ilə sülh şəraitində yaşayıb. Səfər zamanı mən Bakıda iki sinaqoqda
oldum və ölkə rəhbərliyinin Azərbaycanda dinlərə, xüsusən də
Azərbaycan yəhudi icmasına dəstəkdə özünü biruzə verən tolerantlıq
səviyyəsi məni çox xoş təəccübləndirdi”, – Yoel Razvozov qeyd
edib.

Twitter: @Lyaman_Zeyn

Teqlər: