İsmayıllı və Qəbələdə informasiya hüququ ilə bağlı maarifləndirici tədbirlər keçirilib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatı tərəfindən informasiya əldə etmək hüququnun
müdafiəsi üzrə növbəti maarifləndirici tədbirlər İsmayıllı və
Qəbələ rayonlarında təşkil edilib.

Tədbirlərdə yerli icra hakimiyyətlərinin, hüquq-mühafizə
orqanlarının, təhsil şöbələrinin və informasiya sahibi olan digər
dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi
şöbəsinin müdiri Lamiyə Zeynalova və Aparatın digər əməkdaşları
çıxışları zamanı iştirakçılara Müvəkkil tərəfindən informasiya
sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və
vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə
yetirməsinə nəzarətin həyata keçirilməsi funksiyasının icrası
barədə geniş məlumat veriblər. Bununla yanaşı, tədbir iştirakçıları
informasiya əldə etmək hüququnun yaranma tarixi və bu sahədə mövcud
olan beynəlxalq sənədlər haqqında məlumatlandırılıblar.

Daha sonra mövzu ilə əlaqədar təqdimat nümayiş etdirilib,
informasiya sahiblərinin vəzifələri və sorğuçuların hüquqları,
habelə Qanunun digər maddələri haqqında ətraflı məlumat verilib,
qarşılıqlı fikir mübadiləsi aparılıb və zəruri tövsiyələr
verilib.

Yekunda iştirakçılara “İnformasiya əldə etmək hüququmuzu bilək”
və “İnformasiya əldə etmək hüququnu təmin edək” adlı
maarifləndirici bukletlər təqdim olunub.

Teqlər: