İslam Həmrəyliyi İdman Federasiyasının komitə üzvləri növbəti oyunların keçiriləcəyi Konyada olublar (FOTO)

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman
Federasiyasının (İHİF) Nəzarət və Koordinasiya Komitəsi ilə V İslam
Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin üzvləri arasında görüş
keçirilib.

Görüş zamanı təyin olunmuş idman obyektləri və qurğuları,
beynəlxalq nümayəndələrin əraziyə səfəri, nümayəndə heyətləri
rəhbərlərinin səfər proqramı, açılış və bağlanış mərasimləri üçün
Təşkilat Komitəsinin planı, ümumi reqlament və texniki kitabçalar,
idman proqramı ilə bağlı məsələlər müzakirə edilib. Qeyd edək ki,
İHİF Nəzarət və Koordinasiya Komitəsinin üzvü olan Könül
Nurullayeva da görüşdə iştirak edərək, fikir və təkliflərini
səsləndirib. Bundan əlavə, İHİF-in Birinci Vitse-prezidenti,
Nəzarət və Koordinasiya Komitəsinin rəhbəri Hamad Kalkaba Malboum,
Dünya Kamandan Oxatma Federasiyasının Vitse-prezidenti Kazi Racib
Uddin Çapol, Tunis Milli Olimpiya Komitəsinin keçmiş Prezidenti
Mohommed Adel Zahra, İHİF-in Texniki işlər üzrə İdarə şöbəsinin
rəhbəri Əşrəf Dahrouq, Türkiyənin gənclər və idman nazirinin
müavini Halis Yunus Ərsöz, o cümlədən Konya Böyükşəhər
Bələdiyyəsinin rəhbərliyi, Türkiyənin milli federasiyalarının
rəhbərləri, Təşkilat Komitəsinin şöbə müdirləri görüşdə iştirak
edənlər arasında olub, produktiv fikir mübadiləsi aparıblar.

“Konya 2021” V İslam Həmrəyliyi Oyunlarına görülən son hazırlıq
işləri ilə tanışlıq məqsədilə İHİF Nəzarət və Koordinasiya
Komitəsinin üzvləri daha sonra Velodrom Meydanı, Olimpiya Hovuzu,
Atletika meydançası, Qrand Millenium Zalı, Ağır Atletika Arenası
kimi tikilməkdə olan idman obyektlərini, eləcə də mehmanxanaları və
xəstəxanaları ziyarət edib, oradakı işlərin gedişatı ilə tanış
olublar. Onlar, eyni zamanda Marketinq və Televiziya Yayımları
Komissiyasının, Media Komissiyasının, Antidopinq və Tibb
Komissiyasının rəhbərləri ilə görüş keçirib, Konyada davam etməkdə
olan hazırlıq işləri ilə əlaqədar fikirlərini bölüşüblər.

Ayrıca, 52 üzv dövlətin nümayəndə heyətlərinin başçılarının
iştirakı ilə hibrid formada iclas keçirilib. İclasda viza müraciət
sistemi, akkreditasiya sistemi, nəqliyyat, tibbi protokol və
xidmətlər, antidopinq nəzarəti, logistika xidmətləri, bilet
sistemi, media və televiziya yayımı prosesinin təşkili və s. bu
kimi məsələlər müzakirə olunub. Nəzərinizə çatdıraq ki, sonda isə
Türkiyənin aparıcı media mənsublarının iştirakı ilə İHİF Nəzarət və
Koordinasiya Komitəsinin Konya şəhərində mətbuat konfransı baş
tutub. Mətbuat konfransı zamanı media nümayəndələrini maraqlandıran
suallar komitə üzvləri tərəfindən ətraflı şəkildə
cavablandırılıb.

Teqlər: