“İşıqlı ömür” (FOTO)

Xətai Rayon İcra Hakimiyyətinin YAP
Xətai rayon təşkilatı
nın birgə təşkilatçılığı ilə
görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın
anadan
olmasının
99-cu ildönümü münasibətilə bu
mövzuda konfrans keçirilib

Aprelin 27-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan
olmasının 99-cu ildönümünə həsr edilmiş
İşıqlı ömür
mövzusunda konfrans keçirilib.

Xətai rayonunun ictimaiyyət nümayəndələrinin, təhsil və səhiyyə
müəssisələrinin əməkdaşlarının iştirak etdikləri tədbiri giriş sözü
ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə adı
oftalmologiya elminin tarixinə qızıl hərflərlə yazılan Zərifə
Əliyevanın Azərbaycanda bu sahənin inkişafına verdiyi töhfələrdən
geniş bəhs edib: “Zərifə xanım Əliyeva Azərbaycanda geniş yayılmış
traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə
fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi,
profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir
problemlərinə dair bir çox sanballı tədqiqatların, 12 monoqrafiya,
dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12
səmərələşdirici təklifin müəllifidir. O, illərlə fəaliyyət
göstərdiyi sahə üzrə minlərlə insanın sağalaraq göz
xəstəliklərindən xilas olması üçün çalışmışdır. Azərbaycanda
traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanım Əliyevanın
adı ilə bağlıdır.”

Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,
ulu öndər Heydər Əliyevin “Özünü həkimlik, təbiblik peşəsinə həsr
edən insanlar xoşbəxtdirlər. Çünki cəmiyyətin onlara həmişə
ehtiyacı var” fikirlərini önə çəkərək bildirib ki, Zərifə xanım
Əliyeva bütün xəstələri üçün sadəcə ağxalatlı şəfalı əllər sahibi
deyil, dünya işığından məhrum olanlar üçün ümid yeri, həyat qaynağı
idi. Zərifə xanım Əliyevanın fəaliyyətində bu prinsip əsas olub ki,
əsl həkim xəstənin əzablarını öz əzabları bilməli, sağlam şəkildə
evinə qayıdan insanın təbəssümü ən yüksək mükafatı olmalıdır.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Zərifə xanım
Əliyeva gənc həkimlərin yetişməsinə böyük töhfələr verib. Onun
rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir
nəsli yetişmişdir.

“Elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım, eyni zamanda,
qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur” söyləyən
Vüqar Rəhimzadə qeyd edib ki, bu ailədə torpağına, Vətəninə bağlı
iki övlad yetişib: “Zərifə xanımın ömür yollarında birgə
addımladığı həyat yoldaşı, ümummilli lider Heydər Əliyev müasir
müstəqil Azərbaycanın qurucusu, ölkəmizin ictimai-siyasi həyatında
aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı, bir
sözlə, Azərbaycanın bugününün və sabahının əsası olan ideyaların
müəllifidir. Ümummilli Liderin məktəbindən bəhrələnən Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün ən yüksək zirvələri
fəth edir, qalib ölkə kimi tanınır, nüfuz qazanır”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Zərifə xanım
Əliyeva əməlləri ilə daim xalqımızın qəlbində yaşayacaq.

Xətai Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki,
tarixdə elə şəxsiyyətlər var ki, onların həyatları digərləri üçün
nümunədir: “Həm də böyük nüfuz sahibi olmaq, böyük bir nəsli təmsil
etmək insan üçün o qədər də asan deyil. Zərifə xanım Əliyeva nəinki
Azərbaycanın, bütövlükdə dünya tibb elminin inkişafına böyük
töhfələr verib. Bunun üçün onun elmi fəaliyyətinin xronologiyasına
diqqət yetirmək kifayətdir.”

Pənah İmanov vurğulayıb ki, Zərifə xanım Əliyeva Azərbaycan Tibb
Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə başlayan zaman
Azərbaycanda traxoma infeksion xəstəliyi tüğyan edirdi: “Bu
səbəbdən Zərifə xanım əmək fəaliyyətinin ilk illərindən bu
xəstəliklə mübarizəyə başlamışdı. Bu xəstəliyin başvermə
səbəblərinin dərindən öyrənilməsi üçün görgəmli oftalmoloq
Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara
gedir, əhali arasında geniş söhbətlər aparırdı. Bu infeksiya və
onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi
üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət
daşıyırdı. Akademik bu problemin nə qədər çətin və mürəkkəb
olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən Zərifə xanım təhsilini
Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunda davam etdirmiş və ixtisaslaşdırma kursunu
müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdı.”

Natiq akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən,
övladlarına qəlbən bağlı bir ana, qayğıkeş həyat yoldaşı kimi nəcib
insanı keyfiyyətlərindən geniş bəhs edib. Bildirib ki, belə
şəxsiyyətlərin əməlləri daim yaşayır. Onların qurub-yaratdıqları,
əsasını qoyduqları məktəb öyrənilir. Bir sözlə, Zərifə xanım
Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı
tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin
parlaq səhifələridir.

Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova çıxışını
ulu öndər Heydər Əliyevin “Alimlər bu günün alimləri deyillər.
Onlar bəşəriyyət, dünya durduqca duranlardır, ölməzlərdir” fikri
ilə başlayaraq bildirib ki, görkəmli oftalmoloq-alim, Əməkdar elm
xadimi Zərifə xanım Əliyeva haqqında danışarkən gözlərimizin önündə
əsl Azərbaycan qadınına xas olan, bütün yüksək keyfiyyətləri özündə
ehtiva edən gözəl obraz canlanır: “O obraz ki, özündə həm
qayğıkeşliyi, həm incəliyi, zərifliyi, həm də yüksək əxlaqi
dəyərləri, bilik və bacarıqları birləşdirmişdir. Zərifə xanım
Əliyeva XX əsr Azərbaycan qadını olaraq həm ölkəmizdə, həm də
keçmiş İttifaqda tibb sahəsinə yeniliklər gətirən bir alim, həkim
kimi xarakterizə olunur. Eyni zamanda, öz dövrünün dünya səviyyəli,
intellektual ilk Azərbaycan qadını olmuşdur. Onun ən böyük amalı
insanlara nur bəxş etmək, onları zülmətdən xilas etmək və hər bir
xəstəni təmənnasız, şəfalı əlləri ilə yaşatmaq olmuşdur.”

287 saylı məktəb – Zəkalar liseyinin direktoru Aygün Əhmədli
Zərifə xanım Əliyevanın xeyirxahlığından, ailə dəyərlərinə böyük
hörmətlə yanaşmasından geniş bəhs edib: “Kiçik dövlət kimi
dəyərləndirilən ailələrin milli-mənəvi dəyərlərimizi qoruması hər
birimiz üçün önəmlidr. Zərifə xanım Əliyevanın nümunəsində biz belə
bir ailənin qadınının obrazını görürük. Qadınların iş fəaliyyəti
ilə yanaşı, onların ana, ömür-gün yoldaşı kimi malik olduqları
keyfiyyətlər daha çox önə çəkilir, hər bir ailənin qoruyucusu kimi
vurğulanır. Bu baxımdan Zərifə xanım Əliyevanın təqdim etdiyi
nümunə bugünkü və gələcək zamanın ailələri üçün məktəbdir.”

Respublika Perinatal Mərkəzin əməkdaşı Yeganə Cabbarlı Zərifə
xanım Əliyevanın kadr hazırlığına xüsusi diqqət göstərməsindən bəhs
edərək bildirib ki, onun rəhbərliyi ilə gənc alimlərin böyük nəsli
yetişmişdir. Akademik Zərifə xanım Əliyevanın qazandığı böyuk
uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi bir mərhələ təşkil
edir. Onun elmi fəaliyyəti zəngin və çoxşaxəli olub. İstedadlı alim
kimi oftalmologiyanın inkişafına xidmət edən dəyərli elmi əsərlər
ərsəyə gətirib.”

Çıxışların hər birində bu fikir dönə-dönə qeyd edilib ki, Zərifə
xanım Əliyeva bənzərsiz insan, səmimi, mehriban rəfiqə, sədaqətli
həyat yoldaşı, cəfakeş ana nümunəsini yaradıb. “Ümid sonda ölür”
fəlsəfəsinin hikmətini çoxillik təcrübəsi ilə dəfələrlə sınaqdan
keçirən Zərifə xanım Əliyeva yüzlərlə insana nur bəxş edərək
onların həyatın şirinliyini daha dərindən duymalarına, həyata daha
sıx bağlanmalarına öz töhfəsini verib. Məhz bu kimi keyfiyyətləri
ona insanların dərin sevgisini qazandırmış, həyatının xalqa
xidmətin parlaq nümunəsi kimi dəyərləndirilməsini
şərtləndirmişdir.

Konfransda çıxış edən 4 saylı uşaq poliklinikasının əməkdaşı,
oftalmoloq Günel Mircəfərova bildirib ki, bu gün hər birimiz 8
avqust – Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq
Günü dedikdə, akademik Zərifə Əliyevanı xatırlayırıq: “Zərifə xanım
Əliyeva insanların həyatına işıq saçan, yüksək mənəvi simvol olan,
dünyaya yaxşılıq etmək üçün gəlmiş əvəzolunmaz alimdir. O, qısa
ömür yaşasa da təkcə öz ailəsi və övladları üçün deyil, həmçinin də
dəyərli və şərəfli həyat yolunu xalqına, millətinə, Vətəninə həsr
etmişdir.”

G.Mircəfərova Zərifə xanım Əliyevanın, həmçinin digər aktual
mövzulardan olan peşə oftalmologiyasının da əsasını qoyduğunu, eyni
zamanda, elmi kadrlar hazırladığını diqqətə çatdırıb.

Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşı Rafiq Nəcəfov
çıxışında akademik Zərifə xanım Əliyevanın xidmətlərindən, çoxillik
elmi-tədqiqat işlərindən bəhs edərək qeyd edib ki, doğulub
boya-başa çatdığı mühitin Zərifə xanımın taleyində böyük rolu
olmuşdur: “Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm
xadimi, tanınmış pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam
etdirmişdir. Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elminin
beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynamışdır.”

R.Nəcəfov, həmçinin vurğulayıb ki, görkəmli oftalmoloq alimin
elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı,
pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsində
xidmətləri misilsizdir.

M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin həkimi Mustafa Şükürov
çıxışında qeyd edib ki, mən xoşbəxt şəxslərdənəm ki, ulu öndər
Heydər Əliyevi və həyat yoldaşı Zərifə xanım Əliyevanı yaxından
görmüşəm: “Azərbaycan tarixində çox ziyalı, görkəmli qadınlar olub.
XX əsrin tanınmış qadınları arasında Zərifə xanım Əliyevanın öz
yeri var. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. İncə
təbiətə sahib olan bu kövrək qadın öz zərif çiyinlərində dünya
şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdur.
Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını
bir an belə tək qoymamış, onun dayağına çevrilmişdir.”

Konfransın sonunda YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə bildirib ki, böyük şəxsiyyətlərin fəaliyyətləri də
əməlləri kimi şərəfli olduğundan onlar haqqında danışmaq, münasibət
bildirmək məsuliyyətlidir. Zərifə xanım Əliyeva az ömür yaşasa da
qısa vaxtda xeyirxah əməlləri ilə insanlığın əlçatmaz zirvəsinə
ucaldı.

Teqlər: