İş yerini dəyişmək istəyən müəllimlər üçün müsabiqəyə ərizə qəbulu başlayıb

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi
təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin
iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin
qəbuluna start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə
iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək
www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə
bilərlər.

Qeyd edək ki, müsabiqə qaydalarına edilmiş dəyişikliklərə
əsasən, cari ildən vakansiya seçimi zamanı ilkin olaraq şəhid
ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin
dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin
dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna
olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt
şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin
işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək
müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər
bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.

Əlavə olaraq, müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial
amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı
tətbiq olunacaq:

– Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan
namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına
vurularaq hesablanır;

– İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu
ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə
dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş)
artım əmsalına vurularaq hesablanır;

– Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5
il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi
1,05 artım əmsalına vurularaq hesablanır;

– 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin
imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.

Teqlər: