Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgindir, iki ölkə arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyənləşməyib, Zəngəzur dəhlizi açılmayıb. Belə olan halda Ermənistan hökuməti hansı məntiqlə sərhəddən təxminən 500 metr məsafədə olan ərazidə böyük metallurgiya zavodu inşa etməyə qərar verib?
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Bu sualı erməni jurnalistlər də səsləndiriblər. Ermənistan İqtisadiyyat Nazirliyi həmin zavodun yerini xarici investorların seçdiyinə dair açıqlama yayıb və bu, şübhə doğurur. Dünyanın heç bir yatırımçısı atəşin intensiv olduğu ərazidə zavod tikintisinə razılaşmaz, bununla investisiyasını təhlükə altına atar. Ermənistanın bir qrup eksperti zavodun sərhədə yaxın tikilməsini istehsal ediləcək məhsulların dəmiryolu ilə İrana daşınacağı ilə əlaqələndirib. Bu da məntiqə ziddir. Əgər zavod ABŞ investisiyaları ilə tikilirsə, bu zavodun məhsulları Vaşinqtonun sanksiya tətbiq etdiyi ölkəyə necə ixrac edilə bilər?”, – politoloq bildirib.
Şahinoğlu vurğulayıb ki, Ermənistan zavodu sərhəddə inşa etməklə Azərbaycanla gərginliyə başqa dövlətləri də qatmaq istəyir:
“Zavodun tikintisində hindlilərin çalışdırılmasının səbəbi də budur. Ermənistanla Azərbaycan arasında sülh əldə olunmayana qədər həmin zavodun tikintisi davam edə bilməyəcək. Digər tərəfdən iki ölkə arasında sülh sazişi imzalansa belə Azərbaycan həmin zavodun ətraf mühitə zərəri məsələsini gündəmdə saxlayacaq. Ermənistan hökuməti metallurgiya zavodunu sərhəddə tikməyə qərar verməklə Azərbaycanla münasibətlərdə əlavə problem yaradıb. Biz bunu böyük dövlətlərə də başa salmalıyıq”.