İraq və Suriyadan daha 13 nəfər ölkəyə qaytarılıb

Azərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı
olaraq, son günlərdə İraq və Suriyadan daha 13 nəfər vətəndaşımız
ölkəmizə qaytarılıb. Onlardan 2-si qadın, 11-i uşaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin AzerTimes-a verilən
məlumata görə, repatriasiya olunmuş şəxslərdən 11-i Nazirliyin
tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət
müəssisəsinə, 2-si tibb müəssisəsinə yerləşdirilib. Repatriantlara
ilkin tibbi, sosial- psixoloji dəstək işlərinə başlanıb.

Növbəti mərhələ kimi, Agentliyin sosial işçiləri və psixoloqları
repatriasiya olunmuş qadın və uşaqların sosial-psixoloji
vəziyyətlərini qiymətləndirəcək. Nəticəsinə uyğun olaraq hər bir
repatriantla bağlı fərdi inkişaf planı əsasında psixoloji dəstək
tədbirləri həyata keçiriləcək.

Qeyd edək ki, reabilitasiya prosesini başa çatdıran
repatriantların sosial reabilitasiyası onlar öz mənşə ailələrinə
verildikdən sonra da davam etdirilir. Onlara sosial dəstək
xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq
şəraitində həyata keçirilir.

Ölkəyə qaytarılan vətəndaşlarımızın sosial re-inteqrasiyası və
sosial-reabilitasiyası məqsədilə Agentliyin mütəxəssisləri
tərəfindən fərdi sosial iş aparılır.

Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici
tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif
dərnəklərə cəlb edilir.

Teqlər: