İranın yeni oyunu: Bakının inamını qazanmağa çalışır

İranın yeni oyunu: Bakının inamını qazanmağa çalışır

İran rejimi bəzi şəxslərin dili ilə “Hüseyniyyun” qrupunun üzvlərinin tutulmasına bizi inandırmağa çalışır. Amma xəbərlərin həqiqət olması mümkün deyil. Bu, İran hakimiyyətinin yeni oyunudur. Təbliğat maşınlarını işə salıblar ki, özləri üçün Azərbaycan hökuməti qarşısında müsbət imic yaratsınlar.

Bu sözləri AzerTimes-a güneyli milli fəal və jurnalist Əli Süleymani “Hüseyniyyun” qruplaşmasının üzvlərinin həbsi ilə bağlı açıqlamasında deyib.

O, İranın illərdir formalaşdırdığı bir terrorçu qrupunu asanlıqla tutub ələ verməcəyini bildirib:

“Tehran rejimi bunları formalaşdırmaq üçün illər sərf edib, silahlandırıb, nəzəri və əməli təlimlər keçib, Azərbaycan əleyhinə ideoloji cəhətdən hazırlayıb. Bir sözlə, pul və vaxt sərf edib. İndi isə guya onları tutublar. Bu, mümkün deyil və İranın hazırkı siyasətinə ziddir. Çünki İran terroru dəstəkləyən bir rejimdir. “Hüseyniyyun” kimi onlarla belə qrupun himayədarıdır. Bu cür terror qruplarının qarşısında öz nüfuzunu və etibarını itirmək istəməz”.

Əli Süleymani qeyd edib ki, “tutulma” adı altında aparılan təbliğat oyununda diqqət çəkən bir sıra məqamlar var:

“Antiazərbaycan düşüncəli fars cəmiyəti guya onların tutulmasına etiraz edir, İranın bu addımını qınamağa başlayıblar. Xəbər hakimiyyətyönlü “Azəriha” saytında gedib. İranın nəinki iqtidar, hətta müxalifət nümayəndələri sayta qarşı kampaniyaya başlayıblar. Yeganə “Azərbaycan” məsələsidir ki, İranda iqtidarla müxalifətin fikirləri üst-üstə düşür. Ölkənin qarşı-qarşıya olan hər iki cəbhəsi bizə düşmənçilik edirlər. Bu təbliğat çox təhlükəli və əhəmiyyətli mövzudur. Məqsədi nədir? Sadəcə, Azərbaycanla bir anlaşmaya girmək istəyir. Ola bilsin, daha məkrli planları var”.

Tutulan “hüseyniyyun”çuların Azərbaycana verilməsi halında İranın münasibətinin inandırıcı olacağını deyən güneyli fəal bu addımın atılmayacağına da əminliyini ifadə edib:

“İran Azərbaycana öz sadiqliyini nümayiş etdirmək istəyirsə, bu terrorçuları heç bir şərt və qarşılıqlı tələb irəli sürmədən Bakıya təhvil verməlidir. Bu halda İslam Respublikasına inana bilərik. Amma İran bu addımı atmayacaq. Onları uzun müddətə Livan, Suriya kimi üçüncü ölkələrə göndərəcəklər. Gərginlik səngiyəndən sonra qrup üzvlərini yenidən İrana qaytarıb, başladıqları yerdən davam edəcəklər”.

Teqlər: