Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd
dəstəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının və tütün
məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından
Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-dən AzerTimes-a verilən
məlumata görə, iyun ayının 1-də saat 03:20 radələrində Yardımlı
rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının
xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq
İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə
doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə
edilmişdir.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış,
ərazi qapadılmış, yerli hüquq mühafizə orqanları
məlumatlandırılaraq sərhəd pozucularının təqibinə
başlanılmışdır.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata
keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində
sərhəd pozucularından biri təqib olunaraq yaşadığı evinin həyətyanı
sahəsində saxlanılmışdır. Onun Yardımlı rayonunun Avaş kənd sakini
1986-cı il təvəllüdlü Quliyev Mehman Valeh oğlu olması
müəyyənləşdirilmişdir. Araşdırma zamanı M.Quliyev həmkəndlisi
1990-cı il təvəllüdlü Mayılov Rahim Abdulla oğlu ilə birgə digər
həmkəndlisi Ağayev Nazim İmanali oğlunun sifarişi əsasında İrandan
qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini
pozmalarını etiraf etmişdir.
M.Quliyevin yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram
qızıla bənzər zinət əşyaları aşkarlanmış, cinayətin digər
iştirakçısı R.Mayılovun saxlanılması məqsədilə keçirilmiş axtarış
tədbirləri zamanı onun yaşadığı evdən qaçaraq gizlənməsi məlum
olmuşdur. Polis əməkdaşları ilə birgə R.Mayılovun yaşadığı mənzilə
baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə İİR-dən gətirilmiş 7050
qutu “MARLBORO” markalı siqaretlər aşkar olunaraq
götürülmüşdür.
Qaçaqmalın sifarişçisi Avaş kənd sakini 1978-ci il təvəllüdlü
Ağayev Nazim İmanali oğlu saxlanılmış, R.Mayılovun axtarışı üzrə
tədbirlər davam etdirilir.