Azərbaycan ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu
heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan
Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında
dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata
keçirir.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, Ümumdünya Heyvan
Sağlamlığı Təşkilatının məlumatına əsasən, Monqolustanın Ömnöqovi
vilayətində dabaq, Qabon Respublikasının Estuar əyalətində, Amerika
Birləşmiş Ştatlarının Oklahoma və Vaşinqton ştatlarında isə yüksək
patogen quş qripi (YPQQ) xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu
heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Ömnöqovi
vilayətində diri heyvanların, heyvan mənşəli məhsulların və
xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən Qabon
Respublikasının Estuar əyalətindən, Amerika Birləşmiş Ştatlarının
Oklahoma və Vaşinqton ştatlarından OIE-nin “Quruda yaşayan
heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi
nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş
ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün
növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi
viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan
mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin
(bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış
yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması,
kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına,
habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən
diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə
müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə
Monqolustandan, Qabon Respublikasından və Amerika Birləşmiş
Ştatlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə
bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Teqlər: