İran və Azərbaycanın ticarət əlaqələri artacaq – Ticarət palatasının üzvü

Xəbər - Elnur Bağışov – Trend:

Cari İran ilində (21 mart 2022 – 20 mart 2023) İran və
Azərbaycan arasında ticarət əlaqələri, ticarət dövriyyəsi daha da
artacaq.

Bunu AzerTimes-a açıqlamasında İran və Azərbaycan birgə ticarət
palatasının iranlı üzvü Behruz Pursüleyman deyib.

B.Pursüleymanın sözlərinə görə, İran hökumətinin prioriteti
qonşu ölkələr, xüsusilə Azərbaycanla ticarət münasibətlərini
inkişaf etdirməkdir. Bu aspektdən iki ölkənin ticarət
münasibətlərində heç bir problem yoxdur.

O əlavə edib ki, 11 martda Bakıda keçirilən iki ölkənin
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında
iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət
Komissiyasının 15-ci iclası iclası iki ölkənin iqtisadi
münasibətlərinin inkişafına təkan verəcək.

Palata üzvü deyib ki, İran və Azərbaycanın ticarət dövriyyəsi nə
koronavirus pandemiyası dövründə, nə də 2-ci Qarabağ müharibəsi
dövründə dayanmayıb. İki ölkə arasında məhsulların idxal-ixracı
həmişə davam edib və ticarət münasibətlərinin perspektivi müsbət
qiymətləndirilir.

“Hazırda yeganə məsələ vətəndaşların quru sərhəd-keçid
məntəqələrindən keçməsidir. Belə ki, sadəcə hava yolları ilə
gediş-gəliş mümkündür. İran vətəndaşlarına hazırda viza 4 gün
müddətinə 28 dollarla verilir. Təcili şəkildə viza isə 60 dollara
nəzərdə tutulub. Artıq İranda Azərbaycana turlar təşkil olunmağa
başlayıb”, – deyə o qeyd edib.

Qeyd edək ki, ötən İran ilinin 11 ayı (21 mart 2021 – 19 fevral
2022) ərzində İran Azərbaycana təxminən 492 milyon dollar dəyərində
təxminən 759 min ton məhsul ixrac edib. İranın Azərbaycana məhsul
ixracı öncəki ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 5%
artıb, çəki baxımından isə 17% azalıb.

Əlavə edək ki, 11 ay ərzində İranın Azərbaycandan məhsul idxalı
təxminən 35,8 milyon dollar dəyərində 20,3 min ton təşkil edib.
Məhsul idxalı öncəki ilin analoji dövrü ilə müqayisədə dəyər
baxımından 66% artıb, çəki baxımından isə 15,9% azalıb.

Teqlər: