Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 6-da
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian
Molineus ilə görüşüb.

Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, görüşdə cari ildə
Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30
illiyinin tamam olduğu vurğulanaraq ötən müddət ərzində müxtəlif
istiqamətlərdə birgə layihələrin uğurla həyata keçirildiyi
bildirildi.

Azərbaycanda aparılan iqtisadi, struktur və institusional
islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft
sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması
məqsədilə görülən tədbirlər barədə danışıldı. Dünya Bankının bu
istiqamətlərdə Azərbaycana dəstəyi yüksək qiymətləndirildi.

Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Dünya Bankının
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın
hazırlanmasına dəstəyi, Bankın ölkəmizdəki layihə portfeli və
işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, həmçinin
müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər
geniş müzakirə olundu.

Teqlər: