İran sərhədinə doğru yeni yolun və körpünün tikintisi davam etdirilir (FOTO/VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni
magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin və
dövlət sərhədində yeni avtomobil körpüsünün tikintisi davam
edir.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, layihə Ələt–Astara–İran İslam Respublikası ilə
dövlət sərhədi avtomobil yolunun 204 –cü kilometrlik hissəsindən
başlayaraq 3.05 km-lik hissəsini əhatə edir.

I texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26.5 metr,
ayrıcı zolağın eni 4 metr, hər birinin eni 3.75 metr olmaqla 4
hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3.75 m təşkil edir.

Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə
lazımi qədər tikinti materialları daşınıb, texnika və işçi qüvvəsi
cəlb olunub. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə
alınmaqla aparılır.

Yeni magistral yolun keçdiyi bəzi ərazilərdə vaxtı ilə çəltik
becərildiyinə görə bataqlıq ərazi hesab olunduğu üçün əvvəlcə bu
hissədə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m
dərinlikdə qazılıb və dörd mərhələ üzrə ələnmiş çay daşı tökülərək
kipləşdirilib.

Yolboyu 12 yerdə ümumi uzunluğu – 667 p/m təşkil edən
dəmir-beton su ötürücü qurğularının, mal-qara üçün uzunluğu – 44.7
p/m olan 1 dəmir-beton keçidin, həmçinin uzunluğu 30 metr, eni isə
19.5 metr təşkil edən tunel tipli yol ötürücüsü üzrə də tikinti
işləri başa çatdırılıb.

Avtomobil yolunun torpaq yatağı, yol əsasının alt və üst layları
üzrə tikintisi işləri yekunlaşmaq üzrədir. Texoloji ardıcıllığa
uyğun yaxın zamanda asfalt-beton örtüyünün döşənməsi işlərinə start
veriləcək.

Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası
ilə dövlət sərhədində hazırda inşası sürətlə davam etdirilən
avtomobil körpüsünə birləşir.

Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr
olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyyat hərəkət
üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2
piyada keçidinin yaradılması nəzərdə tutulur.

Yolun və körpünün 2023-cü ildə tikintisinin yekunlaşdırılması
planlaşdırılır.

Qeyd edək ki, “İnşaat Norma və Qaydaları”na əsasən birbaşa
Agentliyin rəhbərliyinin nəzarəti altında aparılan yolun və
körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə,
o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat
və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat
vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin
edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən
sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir.

Teqlər: