Hindistanın Bakıdakı səfirliyi məhsulların ixracı mövzusunda vebinar təşkil edib

Hindistanın Bakıdakı Səfirliyi çiçəkçilik və əkin məhsulları,
toxum, ət, düyü, çay və veqan məhsullarının ixracı mövzusunda
vebinar təşkil edib.

Hindistanın Bakıdakı Səfirliyi Hindistanın Kənd Təsərrüfatı və
Emal Olunmuş Ərzaq Məhsullarının İxracının İnkişafı Agentliyi
(APEDA) ilə birlikdə 25 may 2022-ci il tarixində çiçəkçilik və əkin
məhsulları, toxum, ət, düyü və veqan məhsullarının ixracı
mövzusunda biznes vebinar və B2B görüş təşkil edib.

Kənd Təsərrüfatı və Emal edilmiş Ərzaq Məhsullarının İxracının
İnkişafı Təşkilatı (APEDA) Hindistan Hökuməti tərəfindən yaradılıb
və kənd təsərrüfatı məhsullarının ixracının təşviqi və inkişafı
üzrə məsuliyyət daşıyır.

Hindistanın Müstəqilliyinin 75 illiyinin qeyd edilməsi üçün
“Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində baş tutmuş
tədbirdə Hindistan və Azərbaycanın aparıcı şirkətləri, eləcə də
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin,
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
olan Aqrar Xidmətlər Agentliyinin nümayəndələri iştirak
ediblər.

Tədbir APEDA-nın baş meneceri cənab V. K. Vidyarthinin çıxışı
ilə başlayıb. O, Hindistanın kənd təsərrüfatı məhsullarının emalı
üçün yaxşı qurulmuş infrastruktura malik olduğunu və Hindistandakı
ən müasir laboratoriyaların qida təhlükəsizliyi standartlarına
uyğun sınaqlar apardığını vurğulayıb.

Vebinarda çıxış edən Hindistan səfiri Cənab B. Vanlalvavna qeyd
edib ki, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin
şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. Onun sözlərinə
görə, düyü, ət, ədviyyat və çay növləri Hindistandan gətirildiyinə
görə Hindistanın ərzaq məhsulları artıq Azərbaycan bazarında
tanınır. O, daha sonra bildirib ki, bu sahədə iki ölkə arasında
əlaqə və əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar
var.

APEDA-nın sədri Dr. M. Angamuthu çıxışında Hindistanın kənd
təsərrüfatı və qida məhsullarının mərkəzi olduğunu və Hindistanın
çiçəkçilik sektorunun yüksək bazar dəyəri və böyük imkanları olan
kommersiya biznesi kimi inkişaf etdiyini qeyd edib. O bildirib ki,
Hindistanda çiçəkçilik istehsalının artırılması bu sahədə
Azərbaycanla ikitərəfli əməkdaşlıq üçün böyük imkanlar yaradır.

Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyinin nümayəndəsi Vəfa Səfərli Agentliyin fəaliyyəti,
göstərdiyi xidmətlər və Agentlik tərəfindən verilən sənədlər, o
cümlədən gülçülük, toxumçuluq və qida məhsullarının Azərbaycana
idxalı qaydaları və prosedurları haqqında təqdimatla çıxış
edib.

Hindistan Milli Toxum Assosiasiyasının direktor müavini cənab
Deepankar Pandey toxum ixracı, onun həcmi, perspektivləri və
imkanları haqqında təqdimatla çıxış edərək Hindistanın toxumçuluq
sektorunun 3 milyard ABŞ dolları dəyərində olduğunu və dünya
miqyasında 5-ci yeri tutduğunu vurğulayıb.

Bitki Əsaslı Qida Sənayesi Assosiasiyasının İcraçı Direktoru
cənab Sanjay Sethi isə veqan məhsullarının ixracına dair təqdimatla
çıxış edib.

Azərbaycanın statistikasına əsasən, 2021-ci ilin yanvar-dekabr
aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət
dövriyyəsi 26,8% artaraq 739,10 milyon ABŞ dolları təşkil edib.
Hindistan bu dövrdə Azərbaycanın 10-cu əsas ticarət tərəfdaşı
olub.

Azərbaycanın Hindistana ixracı 30,1% artaraq 594,43 milyon ABŞ
dolları təşkil edib. Bu dövr ərzində Azərbaycanın ümumi ixracatında
Hindistanın payı 2,7% təşkil edib və beləliklə Hindistan
Azərbaycanın 8-ci ixracat istiqaməti olub. Azərbaycanın
Hindistandan idxalı 2021-ci ilin yanvar-dekabr aylarında əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 14,8% artaraq 144,67 milyon ABŞ
dolları təşkil edib.

Teqlər: