İran Azərbaycanla münasibətlərin gələcəyinə nikbin baxır – Prezident Aparatının rəhbəri

Xəbər - Elnur Bağışov – Trend:

İran Azərbaycanla münasibətlərin gələcəyinə nikbin baxır.

AzerTimes-ın məlumatına görə, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovla görüşdə deyib.

M.Vaezinin sözlərinə görə, hazırda iki ölkə prezidentlərinin müsbət iradəsi ilə münasibətlərdə hər hansı problem yoxdur. İki ölkə xalqı və dövlətinin münasibətləri müxtəlif sahələrdə bir-birinə bağlıdır.

M.Vaezi əlavə edib ki, iki ölkə müsbət baxışla əməkdaşlıqların günü-gündən möhkəmləndirilməsi prosesini izləyir: “Hazırda iki ölkənin şirkətləri və özəl sektorları iki dövlətin müsbət iradəsi sayəsində müxtəlif sahələrdə birgə layihələri icra edirlər”.

İran Prezident Aparatının rəhbəri qeyd edib ki, İran və Azərbaycanın müxtəlif sahələrdə əməkdaşlıq imkanları var. İki qonşu ölkə münasibətlərin hərtərəfi və sürətli şəkildə inkişaf etdirilməsi potensialına sahibdir və bütün sahələrdə bir-birlərinin ehtiyaclarını təmin edə bilərlər.

M.Vaezi Azərbaycanın ərazilərinin işğaldan azad edilməsinin əhəmiyyətini qeyd edib: “İran bu ərazilərin bərpa olunması prosesində iştirak etməyə hazırdır ki, dinc əhali tez bir zamanda bu bölgəyə qayıda bilsin, bölgədə sülh və stabillik bərqərar olsun”.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iki ölkə münasibətlərinin inkişaf etməkdə olduğunu deyib: “Ötən 8 il ərzində Azərbaycan və İranın ticarət dövriyyəsi 135 milyon dollardan təxminən 900 milyon dollara yüksəlib. Ötən il iki ölkə arasında məhsul tranziti 1 gün belə dayanmayıb, üstəlik üç dəfə artıb”.

B.Hüseynovun sözlərinə görə, 8 il ərzində iki ölkə arasında müxtəlif sahələrdə 103 sənəd imzalanıb. İki ölkə arasında başladılan əməkdaşlıqlar davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun 5 illik diplomatik missiyası başa çatıb.

Teqlər: