İqtisadi Zonaların İnkişafı Agentliyi Qarabağda sənaye zonalarının rezidentləri üçün güzəştlər paketi hazırlayır (Müsahibə) (FOTO)

Azərbaycanın azad edilmiş ərazilərindəki sənaye parklarında
(Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parkları) bir sıra
əlavə güzəştlərin tətbiqi nəzərdə tutulur.

Bunu Trend
müsahibəsində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların
İnkişafı Agentliyinin İdarə heyətinin sədri Elşad Nuriyev
deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 10 dekabr 2021-ci
ildə işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın
sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı
Sərəncamına əsasən, orada fəaliyyət göstərən sahibkarlara əlavə
güzəştlər tətbiq olunur.

“Söhbət bu ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması,
investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin
ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün
xammal və materialların idxalı ilə bağlı gömrük və vergi
güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan
sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su
istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə
resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə
zəruri dövlət dəstəyinin gücləndirilməsi. kimi əlavə güzəştlərdən
gedir. Bu cür güzəştlər paketi hazırlanır və baxılması üçün
Nazirlər Kabinetinə veriləcək. Azad edilmiş ərazilərdə rezidentlər
həm mövcud, həm də hazırlanmaqda olan güzəştlərdən yararlana
biləcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, mənfəət vergisindən azad olunma və digər
təşviqlər sahibkarların sənaye zonalarının ərazisində biznes
yaratmaq üçün marağının artmasına xidmət edir.

“İndiyədək sənaye zonalarında 104 sahibkarlıq subyektinə
rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə
başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4
milyard manatdan çox investisiya yatırılıb və 10 000-dən çox daimi
iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye
zonalarına əlavə 400 mln manatadək investisiyanın yatırılması və 2
600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”, –
agentlik rəhbəri bildirib.

E.Nuriyev qeyd edib ki, BƏƏ kapitallı şirkət olan “Expert
Services FZE” tərəfindən Ağdam Sənaye Parkı ərazisində ağır
texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsi həyata
keçiriləcək.

“Hazırda parkın 9 rezidenti var və bu rezidentlər tərəfindən
Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və
1000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Rezidentlər müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik
dəmir-beton məmulatların, alternativ və bərpaolunan enerji
mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin
və digər qurğuların, polimer məhsulların, uniforma, xüsusi və fərdi
geyimlərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif
metal məmulatların, dam örtüklərinin, metal məmulatların istehsalı
və ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihələri
həyata keçiriləcək”, – o deyib.

O əlavə edib ki, əvvəllər Azərbaycana idxal olunan məhsulların
bir qismi artıq sənaye zonalarında istehsal edilir.

“Bir məsələni diqqətə çatdırım ki, hazırda sənaye zonalarında
əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi,
polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi
məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə
lövhələr, şpris istehsalı, tekstil kimi yeni məhsullar istehsal
edilir. Bu məhsullardan çoxu daxili bazara satılmaqla yanaşı,
dünyanın bir çox ölkəsinə də ixrac edilir”, deyə o bildirib.

E.Nuriyev xatırladıb ki, bu günədək Azərbaycanın sənaye
zonalarında 6,5 milyard manatdan çox məhsul istehsal edilib.

“Bunun 2,1 milyard manatı (təqribən 32 faizi) ixrac olunub.
Diqqətə çatdırmaq istəyirəm ki, sənaye zonalarında məhsul istehsalı
və ixracı istiqamətində ilbəil artım müşahidə olunur. Statistik
göstəricilərə əsaslanaraq deyə bilərəm ki, 2021-ci ilin I rübündə
sənaye zonalarında 373 milyon manatlıq məhsul istehsal edilmişdisə,
2022-ci ilin I rübündə 681 milyon manatlıq (82,6 faiz artım) məhsul
istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 milyon
manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 milyon manat
təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın
40-dan çox ölkəsinə ixrac edilib”, – deyə agentlik sədri sözlərini
yekunlaşdırıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: