İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıblar

Azercell-in dəstəyilə hazırlıq keçən şagirdlər daha
4 medala sahib olublar

Məktəblilərimiz beynəlxalq olimpiadalarda yeni uğurlara imza
atmağa davam edirlər. Bu dəfə Azərbaycan məktəbliləri Qazaxıstanda
təşkil olunan XVIII Beynəlxalq Jautikov Olimpiadasında biliklərini
sınayaraq yüksək nəticələr əldə ediblər.

35 məktəbli ilə təmsil olunan komandamız mötəbər elm yarışında
ümumilikdə 15 medal qazanıb. Bu medallardan 4-ü informatika fənni
üzrə ölkəmizi təmsil edən məktəblilərin payına düşüb. Belə ki,
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi
Səid Nəsibov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Gəncə şəhəri,
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif
şagirdi Fidan Hüseynova, Təhsil Nazirliyinin tabeliyindəki Fizika,
riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi
Fuad Qarayev, Balakən rayonu Qazbinə kənd tam orta məktəbin 10-cu
sinif şagirdi Xizri Saxrayev isə bürünc medala sahib olublar.


Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin
informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi
Azercell-in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada
komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji
məqsədinə sadiq Azercell fəaliyyətə başladığı gündən, ölkədə təhsil
və maariflənmənin inkişafına, o cümlədən informasiya və
kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin
yetişdirilməsinə böyük önəm verir. Milli komandaların İnformatika
fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində
məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla
çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla, ümumilikdə 34
medal əldə ediblər.