İnanıram ki, azərbaycanlı gənclər texnologiyanın inkişafına liderlik edəcəklər – Türkiyəli nazir (ÖZƏL)

Xəbər - Humay Ağacanova – Trend:

İnanıram ki, “Teknofest“ə Azərbaycanlı gənclərimiz çox böyük maraq göstərəcəklər və texnologiyanın inkişafına liderlik edəcəklər.

Bunu AzerTimes-ın suallarını cavablandırarkən Türkiyə Sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kaçır deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan əhali baxımdan gənc ölkələrdir və bunun bir sıra önəmli tərəfləri var.

“Məlum olduğu kimi, dünyada yeni növ texnologiya dövrü inkişaf edir. Bütün sahələrdə, hətta dövlətlərin idarəçiliyində, fərdi yaşayışımızda texnologiyanın özünəməxsus yeri var. Biz öz gənclərimizi texnologiyanı inkişaf etdirmək barəsində erkən yaşlardan etibarən dəstəkləyir, motivasiya veririk. Onlara komanda da işləmək, layihələr tərtib etmək imkanları verib, Teknofesti təşkil edirik.

Azərbaycanda “Teknofest“in ilk addımlarını atırıq. 2018-ci ildə Türkiyədə baş tutan “Teknofest“də keçirdiyimiz həyəcanın bənzərini indi qardaş ölkədə yaşayırıq. İnanıram ki, “Teknofest“ə azərbaycanlı gənclərimiz çox böyük maraq göstərəcəklər və bu texnologiya inkişafına liderlik edəcəklər. İndidən minlərlə gəncin bu sahədə layihələr tərtib etməkdə həyəcanını görürük. “Teknofest” sayəsində Azərbaycan gənclərinin də texnologiyanın inkişafına öz töhfələrini verəcəklərini ümid edirik”, – deyə M.F.Kaçır əlavə edib.

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda keçiriləcək.


Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli,Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: