İlin sonuna kimi Avropaya qaz tədarükünün 10 milyard kubmetrdən çox olacağı gözlənilir – Energetika naziri

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bolqarıstanın
paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji
Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə
keçid üzrə regional əməkdaşlıq” mövzusunda Nazirlərin Dəyirmi
Masasında iştirak edib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, açılış
mərasimində çıxış edən nazir Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev ilə Avropa İttifaqının enerji məsələləri üzrə
komissarı xanım Kadri Simson arasında bu ilin fevralında keçirilən
görüşdən sonra İttifaqla enerji dialoquna diqqət çəkib. Bildirilib
ki, enerji dialoqumuzun əsas istiqamətlərini enerji sektorunun
karbonsuzlaşdırılması, enerji keçidi, enerji səmərəliliyi, Avropaya
əlavə həcmdə qaz, o cümlədən hidrogen ixracı üçün Cənub Qaz
Dəhlizinin genişləndirilməsi, digər “yaşıl enerji” növlərinin
istehsalı və ixracı təşkil edir.

Nazir çıxışında dayanıqlı, əlverişli və təhlükəsiz enerji
təchizatının təmin edilməsinin vacibliyinə diqqət çəkərək, bu
problemin həllinin diversifikasiya, enerji təhlükəsizliyi və yaşıl
keçid üçlüyü arasında seçim edilməsində deyil, onların
balanslaşdırılmış vəhdətində olduğunu bildirib. Keçid prosesində
karbohidrogen mənşəli ən təmiz enerji mənbəyi kimi təbii qaz və
bərpa olunan enerji mənbələrinin əks qütblər kimi deyil, enerji
təchizatının daha da şaxələndirilməsini təmin edən bərabər mövqeyə
malik enerji resursları kimi çıxış edəcəyi qeyd edilib.

Bildirilib ki, Cənub Qaz Dəhlizi enerji böhranı zamanı Avropa
istehlakçılarını fasiləsiz və sərfəli təbii qazla təmin etməklə
qısa müddət ərzində öz strateji əhəmiyyətini sübuta yetirib və
Azərbaycan həm region, həm də Avropa ölkələri üçün etibarlı enerji
təchizatçısı kimi rolunu davam etdirmək əzmindədir: “İndiyədək TAP
vasitəsilə Avropaya 11,6 milyard kubmetr qaz nəql edilib. Cari ilin
ilk dörd ayında Avropaya tədarük edilən 3,5 milyard kubmetr
Azərbaycan qazının 3,1 milyard kubmetri İtaliyanın, 0,3 milyard
kubmetri Yunanıstanın, 0,1 milyard kubmetri isə Bolqarıstanın
payına düşüb. Hazırkı ixrac tempi ilə Avropaya qaz tədarükümüzün
ilin sonuna kimi 10 milyard kubmetrdən çox olacağı gözlənilir”.

Həmçinin Azərbaycanın dekarbonizasiya və “yaşıl enerji”yə
keçidlə bağlı planları və həyata keçirilən layihələr barədə də
geniş məlumat verilib. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı,
bərpa olunan enerji potensialımızın da Avropa İttifaqı ilə mövcud
mütərəqqi enerji dialoqunun daha da inkişaf etdirilməsi üçün böyük
imkanlar yaratdığı, hazırda Xəzərin külək potensialının təxminən 7
qeqavatından istifadə edilməklə “yaşıl enerji” istehsalı və bir
hissəsinin Gürcüstan və Rumıniya vasitəsilə Qara dənizdə sualtı
elektrik kabeli ilə Avropaya ixrac edilməsinə dair yeni layihənin
nəzərdən keçirildiyi diqqətə çatdırılıb.

Tədbir qaz təchizatının təhlükəsizliyi, regional elektrik
bazarı, yaşıl enerjiyə keçid və gələcəyə baxış mövzularında 4 panel
sessiya ilə davam edib.

Teqlər: