İlə uğurla başladıq – batut ginastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku ilk
startdır və yaxşı ki, biz ili uğurla başladıq.

Bunu AzerTimes-a batut ginastikası üzrə Azərbaycan yığmasının baş
məşqçisi Vladimir Şulikin deyib.

Xatırladaq ki, Azərbaycan gimnastı Selcan Maqsudova Dünya
Kubokunda 52.780 xalla gümüş medal qazanıb.

“Uzun müddət böyüklər yaş kateqoriyasında medal yox idi və bu,
Selcana psixoloji təzyiq edirdi. İndi düşünürəm ki, mənəvi cəhətdən
işləmək daha asan olacaq. Batut gimnastikasında yeni qaydalarla
əlaqədar olaraq məşqçinin üzərinə böyük məsuliyyət düşür.
Rəqiblərin qiymətlərini yaxından izləmək lazımdır. Beləliklə, bu
gün Selcan finalın püşkatmasına əsasən, sonuncu çıxış etdi və artıq
digər gimnastların xallarını bildiyimiz üçün hansı kombinasiyanı
yerinə yetirəcəyimizə qərar verə bilərdik”, – deyə Şulikin
bildirib.

Onun sözlərinə görə, Selcan Maqsudovanın proqramı gələcəkdə daha
da təkmilləşdiriləcək.

“Əsas startımız İtaliyada keçiriləcək Avropa çempionatı və
Bolqarıstanda keçiriləcək dünya çempionatıdır. 2024-cü ildə Parisdə
keçiriləcək Olimpiya Oyunlarına da lisenziya xalları toplamağa
çalışacağıq. Olimpiadaya çıxmaq üçün əlimizdən gələni edəcəyik,
lisenziya qazanmaq üçün mümkün qədər hazırlaşacağıq”, – deyə baş
məşqçi əlavə edib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan
Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk
beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edib. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilib.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilib.

Teqlər: