İlahiyyat İnstitutu Lənkəranda abituriyentlərlə görüş keçirib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili
üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin
cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində
yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün
maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam
etdirir. İnstitut heyətinin növbəti səfəri Lənkəran şəhərinə
olub.

Görüşdə abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər
iştirak ediblər.

Tədbiri giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov açıb.
O, İnstitut heyətinin bölgələrdə maarifləndirici görüşlərinin
yüksək əhəmiyyətindən danışıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov
ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük
önəm verildiyini diqqətə çatdırıb. İnstitutun yeni binasında
tələbələr üçün lazımi şərait yaradıldığını vurğulayan prorektor ali
təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu,
mövcud ixtisaslar, həmçinin ali təhsil müəssisəsinin tədris prosesi
haqqında geniş məlumat verib. O qeyd edib ki, İnstituta qəbul
olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə
yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər
imtiyazlardan tam yararlanacaq. M.Mürsəlov tələbələrin pulsuz
yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil
kurslarının təşkili və digər üstünlüklərə sahib olacaqlarını
bildirib.

İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov
tələbələrin daha yaxşı təhsil almaları üçün ali təhsil
müəssisəsində yaradılan şəraitdən söhbət açıb, həmçinin tədris
prosesi, keçirilən fənlər haqqında məlumat verib. Qeyd edilib ki,
İnstitut kollektivi gənclərin zəngindünyagörüşlü, dərin dini və
dünyəvi biliklərə yiyələnən bacarıqlı kadrlar kimi yetişmələri
istiqamətində səylə çalışır.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova
təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin
hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında
geniş məlumat verib. O, müəssisənin fəaliyyəti, səfərləri,
tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə
danışıb.

Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti
dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı,
ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Teqlər: