İkinci Qarabağ müharibəsində azərbaycanlı hərbçilər erməni qoşunları tərəfindən qeyri-insani davranışlara məruz qalıb – ABŞ Dövlət Departamenti

İkinci Qarabağ müharibəsi dövründə azı yeddi azərbaycanlı hərbçi
erməni qoşunları tərəfindən işgəncələrə, amansız, qeyri-insani və
ya alçaldıcı davranışlara məruz qalıb.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında
deyilir.

Qeyd olunur ki, üç amansız davranış faktı videoya çəkilib.

“Hadisələrin birində amansız davranış zərərçəkənin ölümünə səbəb
ola bilərdi. Davamlı döymələr, tibbi yardımdan və digər
ehtiyaclardan imtina, şahidlərin təsvir etdiyi və ya videoya
çəkilən amansızlıq, alçaltmalar erməni qoşunları tərəfindən Cenevrə
konvensiyalarının kobud şəkildə pozulması deməkdir”, – hesabatda
deyilir.

Dövlət Departamenti vurğulayır ki, işgəncə qadağalarının
pozulması Ermənistan Cinayət Məcəlləsinə görə də ağır
cinayətdir.

Hesabatda, həmçinin vurğulanır ki, səkkiz videoçarxda həlak
olmuş azərbaycanlı əsgərlərin meyitləri təhqir olunur, onların
əmlakları erməni hərbçiləri tərəfindən oğurlanır.

Eyni zamanda, ABŞ Dövlət Departamenti erməni hərbçilərinin iki
azərbaycanlı əsgəri güllələməsinin videotəsdiqinin olduğunu da qeyd
edir.

Hesabatda deyilir ki, həlak olanların əmlaklarının oğurlanması
ilə bağlı ittihamlar mütləq araşdırılmalıdır.

Dövlət Departamenti qeyd edir ki, 2020-ci ilin dekabrında
Azərbaycan rəhbərliyi erməni hərbçilərin ikinci Qarabağ müharibəsi
dövründə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn
kobud şəkildə pozması ittihamı ilə bir sıra cinayət işləri
açıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: