III qrup üzrə qəbul imtahanı keçirilib, 6 nəfər telefona görə imtahandan çıxarılıb

21 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən
III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı
keçirilib.

Mərkəzdən AzerTimes-a verilən
məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda 91 imtahan
binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91
ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2020 nəzarətçi-müəllim,
263 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah
fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla
əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün
binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara
öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait
yaradılıb.

İmtahanın gedişi zamanı 6 nəfərdə mobil telefon (ilk telefon
saat 12-də müəyyən edilib) aşkarlandığı üçün imtahandan xaric
olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric
olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul
imtahanlarına da buraxılmayacaq.

İmtahanda 21521 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 43 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə
əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin
rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca
zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab
vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin
edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil
olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait
yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq
tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda
Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər
sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

22 may saat 16:00-da DİM-in “Youtube” kanalı və “Facebook”
səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul
əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu
üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı
geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq
postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə
bilərlər.

Mayın 22-dən etibarən DİM-də imtahan protokolları və
materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların
yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə
ərzində elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir
daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli
və buraxılış vərəqi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan
saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış –
saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn
iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları
üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və
imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan
vaxtda gəlmək lazımdır.

Teqlər: