İƏİT kiçik və orta biznesin rəqəmsal transformasiyası strategiyalarının hazırlanmasında Azərbaycanı dəstəkləyir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Azərbaycan
hökumətini kiçik və orta biznes sahəsinin rəqəmsal
transformasiyasına köməyə yönəlmiş strategiyaların hazırlanması və
reallaşdırılmasında dəstəkləyir.

Bu barədə Trend-ə İƏİT-dən bildiriblər.

Qeyd olunub ki, Azərbaycanla əməkdaşlığın nümunələrindən biri
sahibkarlıq sferasında rəqəmsal transformasiya üzrə qarşılıqlı
fəaliyyətdir.

“COVID-19 pandemiyası kiçik və orta biznesə ciddi təsir
göstərdi, eləcə də böhranın öhdəsindən gəlmək və
rəqabətqabiliyyətliliyi qorumaq üsulu kimi biznesin
rəqəmsallaşdırılmasının vacibliyini nümayiş etdirdi. Rəqəmsal
texnologiyaların tətbiqi prosesində kiçik və orta biznes yeni
texnologiyaları tətbiq etməklə biznesin həyata keçirilməsi
üsullarını dəyişmək imkanı təqdim edir. Amma kiçik və orta biznesdə
maliyyə ehtiyatları və insan potensialının çatışmazlığı rəqəmsal
transformasiyanın dəstəklənməsinə əngəl ola bilər. Bu kontekstdə
İƏİT Azərbaycan hökumətini kiçik və orta biznes sahəsinin rəqəmsal
transformasiyasına köməyə yönəlmiş strategiyaların hazırlanması və
reallaşdırılmasında dəstəkləyir. Bu işin əsas məqsədi strategiyanı
müəyyənləşdirən şəxslərə İƏİT ölkələrinin təcrübələrini təhlil
etməklə, araşdırma vasitəsilə adaptiv tövsiyələr vermək və
potensialın artırılması üzrə məqsədyönlü tədbirlər keçirməklə kiçik
və orta biznesin rəqəmsallaşma prosesinə kömək göstərməkdir”, –
təşkilatdan bildiriblər.

(Tərcümə: Orxan Nəbiyev)