İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Milli Gimnastika Arenasında qadın idman gimnastikası üzrə
6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və
Bakı Çempionatının qalib və mükafatçılarının mükafatlandırılması
mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə,
kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı
çempionatında “balacalar” yaş kateqoriyası üzrə birinci yeri
Sumqayıt şəhər Olimpiya İdman Kompleksinin yetirməsi Ömər Məmmədli,
ikinci yeri Həsən Qədirov, üçüncü yeri Tural Ocaqi tutublar.

H.Qədirov və T.Ocaqi Bakı Gimnastika Məktəbini təmsil
edirlər.

Qadın gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyi və Bakı
çempionatının “qızıl”ını “uşaqlar” yaş kateqoriyasında Milana
Loiko, gümüş medalı Jasmin Əliyeva, “bürünc”ü isə Xatirə Rəşidli
qazanıb. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.

“Ocaq Sport” klubunun yetirməsi Mahir Səlimov “uşaqlar” yaş
kateqoriyasında kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan
birinciliyi və Bakı çempionatının fəxri kürsüsünün ən yüksək
pilləsinə qalxıb, İlham Salayev ikinci, Hüseyn Qəhrəmanov üçüncü
olub.

İ.Salayev və H.Qəxrəmanov Bakı Gimnastika Məktəbini təmsil
edirlər.

Qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyi və
Bakı çempionatında “pre-junior” yaş kateqoriyası üzrə qızıl medalı
Leyla Məmmədzadə, gümüş medalı Albina Əliyeva, bürünc medalı isə
Xədicə Abbaszadə qazanıb. Gimnastlar “Ocaq Sport” klubunun
heyətində çıxış edirlər.

VI Azərbaycan Çempionatının və Bədii Gimnastika üzrə Bakı
Çempionatının “yeniyetmələr” yaş kateqoriyası üzrə qızıl medalını
Leyla Məmmədzadə, gümüş medalı Albina Əliyeva, bürünc medalını isə
Xədicə Abbaszadə qazanıb. Gimnastlar “Ocaq Sport” klubunun
heyətində çıxış edirlər.

Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan çempionatında və
Bakı birinciliyində “yeniyetmələr” yaş kateqoriyası üzrə birinci
yeri Məhəmməd Rüstəmzadə, ikinci yeri Rəşid Əliyev, üçüncü yeri isə
David Məmmədov tutmuşlar. İdmançılar Bakı Gimnastika Məktəbini
təmsil edirlər.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında
keçirilən Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı
Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt
Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69
idmançı qüvvəsini sınayacaq.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar –
2014-2015), uşaqlar (kişilər – 2011-2012/ qadınlar – 2012-2013),
yeniyetmələr (kişilər – 2009-2010/qadınlar – 2010-2011), gənclər
(kişilər – 2005-2008/qadınlar – 2007-2009), böyüklər (kişilər
2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü
və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş
etdirəcəklər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində
yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli
Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə
biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı
olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı
təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən
edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər
istisna olmaqla) malik olmalıdırlar.

(FOTO: Zaur Mustafayev)

Teqlər: