İçərişəhərdə KOB Fest sərgi-satış yarmarkası keçirilir (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı ilə İçərişəhərdə “KOB Fest” – sərgi-satış yarmarkası
öz işinə başlayıb. Yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq
subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş
istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq,
eləcə də yerli məhsulların tanıdılmasıdır.

“Sahibkarlar Günü”nə həsr olunmuş yarmarkada mikro və kiçik
sahibkarlıq subyektlərinin qida və qeyri-qida məhsulları,
göstərdikləri xidmətlər, sənətkarların və yaradıcı şəxslərin əl
işləri, ümumilikdə 100-ə yaxın KOB subyektinin 1000-dən çox çeşiddə
məhsulları nümayiş olunur. Tədbirdə həmçinin, sahibkarlar arasında
“B2B” görüşlər keçirilir, biznes xidmətləri göstərilir, ebru
sənətinin, qum üzərində rəsm sənətinin və s. dekorativ tətbiqi
sənət növlərinin KOB subyektləri tərəfindən master-klassları, eləcə
də mədəni-əyləncəli proqram təqdim olunur.

Festivalın açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini
Sahib Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov “KOB Fest”in mikro və kiçik sahibkarların satış
imkanlarının genişləndirilməsində və yerli məhsulların
tanıdılmasında əhəmiyyətini qeyd ediblər.

KOB Fest sərgi-satış yarmarkası aprelin 26-dək hər gün saat
10.00-dan 20.30-dək açıq olacaqdır.

Teqlər: