Hyuston meri 28 May-Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb

ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində 28 May – Müstəqillik
Günü münasibətilə bəyannamə qəbul edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Hyuston
şəhər meri Silvestr Törnerin (Sylvester Turner) imzaladığı
bəyannamədə bildirilib ki, Azərbaycan əsilli amerikalılar Texas
ştatında regional müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə
və rifaha töhfələr verən dinamik icma kimi tanınır. Hyustonla
Bakının qardaşlaşmış şəhər olduqları, mədəniyyət və təhsil
sahələrində təcrübə mübadiləsi həyata keçirdiyi, Bakı-Hyuston
Qardaşlaşmış Şəhərlər Assosiasiyasının bu əməkdaşlıq əlaqələrinin
qurulmasında böyük rol oynadığı nəzərə çatdırılıb.

Dünyada, o cümlədən ABŞ-da yaşayan milyonlarla azərbaycanlının
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
növbəti ildönümünü qeyd etdiyini vurğulayan mer icma üzvlərimizi
bayram münasibətilə təbrik edib.

Şəhər merinin bəyannaməsi Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər
Assosiasiyasının rəhbəri İradə Axundovanın təşəbbüsü ilə qəbul
edilib.

Teqlər: