Hulusi Akar Azərbaycana işgüzar səfərə gəlib (FOTO)

Mayın 27-də Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın
rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
qarşılayıb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, sonra Müdafiə Nazirliyində təntənəli
qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri
qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər
rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu
generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa
Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan
Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Adnan
Özbal, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak
edib.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycanla Türkiyə
arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd
edərək, gələcəkdə də bu istiqamətdə görülən işlərin daha da
artırılmasının vacibliyini diqqətə çatdırıb.

Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən cənab H.Akar 28
May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O,
“Texnofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin, eləcə də
birgə təlimlərin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi
vurğulayıb.

Hər iki ölkə arasında strateji müttəfiqliyin dostluq və
qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki,
hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri
müzakirə edilib.

Teqlər: