Hondurasda sabiq prezident Hernandes saxlanılıb

Hondurasın sabiq prezidenti Xuan Orlando Hernandes ölkənin
paytaxtı Tequsiqalpada yaşadığı evdə saxlanılıb.

AzerTimes-ın “Tribuna” qəzetinə istinadən verdiyi məlumata görə,
hüquq-mühafizə orqanları sabiq prezidentin saxlanılması üçün
gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə əməliyyat keçirsə də,
əməliyyat zamanı heç bir insident qeydə alınmayıb.

Ötən gün Honduras məhkəməsi sabiq prezidentin saxlanılmasına
icazə verib. Daha əvvəl Honduras hakimiyyəti yanvarın sonunda
səlahiyyət müddəti başa çatan siyasətçinin ekstradisiyası üçün
ABŞ-dan sorğu alıb. Onun ABŞ ərazisinə xeyli miqdarda kokainin
daşınmasında iştirak etdiyi iddia edilir.

Hernandes məhkəmədə könüllü iştirak etməyə və təqsirsizliyini
müdafiə etməyə hazır olduğunu açıqlayıb. Qanuna əsasən, keçmiş
dövlət başçısının ekstradisiyası ilə bağlı qərarın qəbulu üçün üç
aya qədər vaxt verilir.

Xatırladaq ki, 2021-ci il mart ayının sonunda ABŞ məhkəməsi
Hondurasın keçmiş prezidentinin qardaşı Xuan Antonio Hernandesi
narkotik ticarətində iştirak etdiyinə görə ömürlük həbs cəzasına
məhkum edib.