Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib (FOTO)

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı”
keçirilib.

Trend xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı,
Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov Rayon İcra
Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə
keçirilən tədbirə giriş sərbəst olub. Festivalda uşaq evlərinin
sakinləri və internat məktəblərinin şagirdləri də iştirak
ediblər.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil
olunan festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də
onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına,
layiqli vətəndaş kimi formalaşmasına cəmiyyətin diqqətini bir daha
yönəltmək məqsədi daşıyıb.

Festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim
olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını
səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi
müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Belə ki,
idmansevərlər üçün mini turnirlər, yarışlar, interaktiv oyunlar
təşkil olunub, şahmat yarışlarında iştirak etmək, Olimpiya
çempionları ilə görüş fürsəti yaradılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası üçün ayrılmış
meydançada kosmos, planetlər barədə maraqlı faktlar təqdim edilib.
Yüksək texnologiyaya maraq göstərən uşaqlar interaktiv dərslərdə
dronların hazırlanma prosesi ilə də tanış olmaq imkanı qazanıblar.
Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış
apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar
etmək fürsəti qazanıb. Mini fermada isə heyvanlarla ünsiyyət qurmaq
imkanı yaradılmışdı.

Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar
üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib. İncəsənət
zonası, kitabsevərlər guşəsi, rəqs, meydançaları, kater yarışı,
konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə
dönəcək anlar yaşadıb. Keçirilən müsabiqələrdə qaliblərə və
iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm
əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına
verilib və unudulmaz bayram sevinci yaşanıb.

“Uşaq festivalı”na gələn uşaqların bəziləri öz təəssüratlarını
bölüşüblər.

Onlardan biri olan Zəhra Qəhrəmanlı deyib: “Uşaq festivalı”
mənim çox xoşuma gəldi. Bu festivalın təşkilatçılarına təşəkkürümü
bildirirəm. Burada uşaqlar üçün çox maraqlı proqramlar təşkil
edilib. Mən şəhid nəvəsiyəm, bütün uşaqların, xüsusilə şəhid və
qazi övladlarının bayramını təbrik edirəm”.

Digər iştirakçı Həsən Zərbəliyev Heydər Əliyev Mərkəzinin
parkını çox bəyəndiyini, buraya gəldiyi, dostları ilə gözəl vaxt
keçirdiyi üçün çox sevincli olduğunu deyib. O bildirib ki, “Uşaq
festivalı”nda onlar üçün təşkil edilən bütün əyləncə və
maarifləndirici proqramlar çox maraqlı idi.

Məryəm Nəcəfzadə isə bütün uşaqları 1 İyun – Uşaqların
Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Festivalda
iştirak etdiyi üçün çox xoşbəxt olduğunu deyib. “Burada dostlarımla
birgə əyləncəli vaxt keçirdim. Uşaq bayramı mənim ən çox sevdiyim
günlərdən biridir. Bu bayram münasibətilə bütün uşaqları,
şəhidlərimizin övladlarını da təbrik edirəm”, – deyə Məryəm
Nəcəfzadə söyləyib.

Nigar Hüseynli isə sevincini bu sözlərlə ifadə edib: “Festivalı
çox bəyəndim, burada çox əyləndik. Digər uşaqlarla söhbətləşmək,
oynamaq mənim üçün çox xoş idi. Mən istəyirəm ki, hər gün uşaqların
bayramı olsun. Belə günlərdə özümü həmişə yaxşı hiss edirəm. Sabah
müəllimlərimə də festival barədə danışacağam”.

Teqlər: