Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə əlaqədar noyabrın 25-də Heydər Əliyev Mərkəzində “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ombudsman Aparatı, Təhsil Nazirliyinin rəsmi tərəfdaşlığı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qadına şiddətə son” mövzusunda dəyirmi masa keçirilib.
AzerTimes xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edən “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bildirib ki, hər il dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilən bu gün vasitəsilə cəmiyyətin ən böyük bəlalarından biri olan qadına qarşı zorakılığın qarşısının alınmasına, qadınların öldürülməsi, döyülüb-söyülməsi, mənəvi-fiziki şiddət görməsinə diqqət çəkməyə, sosial səfərbərlik yaratmaqla bu problemin həlli yollarının tapılmasına, problemin həll edilməsinə kömək göstərməyə çalışırıq. Dünyada hər il zərif cinsin neçə-neçə nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər. Belə problemlərin yaranmasının qarşısının alınması hazırda əsas vəzifələrdən biridir. Bu gün ölkəmizdə dövlət tərəfindən bu istiqamətdə bir sıra tədbirlər görülür, maarifləndirici layihələr həyata keçirilir.
Digər çıxış edənlər qadınlara qarşı zorakılığa son qoyulmasının əhəmiyyətindən danışıb, bu sahədə görülən işlərdən bəhs ediblər.
Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib.
Sonra mövzuya dair videoçarxlar, həmçinin Pantomim Teatrının aktyorlarının ifasında mini-tamaşa nümayiş olunub.