“Həvəskar Peyk Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” müsabiqələrinin finalçıları məlum olub

“TEKNOFEST Azərbaycan” layihəsi çərçivəsində Azərbaycan
tələbələri arasında keçirilən “Həvəskar Peyk Modelləşdirilməsi” və
türkiyəli gənclərin də qatıldığı “Pilotsuz Uçuş Aparatları”
yarışlarının finalçıları məlum olub.

AzerTimes xəbər verir ki,
Azərkosmosun tərəfdaşlığı və təşkilatçılığı ilə keçirilən hər iki
müsabiqənin finalçıları “TEKNOFEST Azərbaycan” layihəsinin seçim
meyarlarına uyğun müəyyən edilib.

“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi üzrə 23 komandadan
7-si “Müraciət”, “Missiya təyini və komponent seçimi” və “Video
hesabatın hazırlanması” mərhələlərini uğurla başa vuraraq “Uçuş və
uçuş sonrakı hesabat” mərhələsinə vəsiqə qazanıb. “Uçuş və uçuş
sonrakı hesabat” mərhələsində Azərbaycanın Milli Aviasiya
Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali
Neft Məktəbi və Bakı Dövlət Universitetindən olan komandalar öz
peyk modellərini səmaya buraxmaq şansı əldə ediblər.

Beynəlxalq səviyyədə baş tutan “Pilotsuz Uçuş Aparatları”
yarışında isə Azərbaycan və Türkiyədə yerləşən 45 universitetdən
ümumilikdə 130 komanda qeydiyyat üçün müraciət edib. Onlardan 14
komanda yarışın “Müraciət”, “Missiya təyini və komponent seçimi” və
“Video hesabatın hazırlanması” mərhələlərinin şərtlərinə tam cavab
verərək “Uçuş və uçuş sonrakı hesabat” mərhələsinə vəsiqə qazanıb.
Onlardan 10-u Azərbaycan, 4-ü Türkiyə komandasıdır. Onlar “Uçuş və
uçuş sonrakı hesabat” mərhələsində öz modellərinin missiyalarını
nümayiş etdirəcəklər. Azərbaycanın Bakı Dövlət Universiteti, Bakı
Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti,
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik
Universiteti, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Dövlət Neft
və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetindən,
Türkiyənin isə Yıldız Teknik Universiteti və “Türk Hava Kurumu”
Universitetinin tələbələri iştirak haqqı qazanıblar.

26 – 29 mayda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalının
mükafatlandırma günündən öncə – 23 və 24 mayda “Həvəskar Peyk
Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” yarışları üzrə
finala keçən komandalar Hacıqabul rayonu ərazisindəki aerodromda
uçuşlar həyata keçirəcəklər. Uçuşları uğurla bitirən komandalar 28
mayda “Bakı Kristal Zalı”nda baş tutacaq mükafatlandırma
mərasimində iştirak edəcəklər.

Qeyd edək ki, bu müsabiqələr tələbələr arasında aerokosmik
sahəyə, pilotsuz uçuş aparatlarına marağın artırılması, bu sahədə
fundamental bilik və bacarıqların formalaşdırılması məqsədilə bir
sıra ölkələrdə təşkil edilir. Bundan əlavə, komandalar verilmiş
tapşırıqlara innovativ yanaşma, komandada işləmə, təqdimat və
planlaşdırma kimi bacarıqları da əldə edirlər.

Həm peyk modelləşdirilməsi, həm də pilotsuz uçuş aparatları
müsabiqələrində qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika,
proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və
təcrübi biliklərin tətbiqinə, inkişafına şərait yaradır. Bundan
əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və
planlaşdırma kimi bacarıqlara yiyələnirlər.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.