Türkiyənin inkişafı Azərbaycanın inkişafı deməkdir – Kamaləddin Qafarov

İki qardaş ölkə – Azərbaycan və Türkiyə arasındakı münasibətlər
durmadan inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğur və
nailiyyətlər ölkələrimizin dünyada nüfuzunun daha da artmasına
xidmət edir. Məlum olduğu kimi, mayın 14-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkədə işgüzar
səfərdə olub. Səfər çərçivəsində dövlət başçıları Rize-Artvin Hava
Limanının açılış mərasimində iştirak ediblər. Yeni hava limanına
ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş
ediblər. Bu faktın özü böyük siyasi və mənəvi önəm daşyır.Bu fakt
Azərbaycan və Türkiyə arasında mövcud olan və getdikcə möhkəmlənən
sarsılmaz birliyin, ölkələrimizin birgə getdikləri yüksəliş və
inkişaf yolunun bariz təcəssümüdür. Təsadüfi deyil ki, dövlət
başçılarının görüşündə Azərbaycanla Türkiyə arasında ikitərəfli
dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla
inkişaf etdiyi bildirilib, siyasi əlaqələrin yüksək səviyyədə
olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi
olaraq bir daha vurğulanıb.

AzerTimes xəbər verir ki, bu
sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, məhz Şuşa Bəyannaməsi ölkələrimiz və
xalqlarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq
əlaqələrinin daha bir nümayişi olmaqla bərabər, eyni zamanda da hər
iki dövlətin Cənubi Qafqazda gedən proseslərdə rolu və nüfuzunun
yüksəlişini şərtləndirən bir tarixi sənəddir: “ 2021-ci il iyunun
15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış
müttəfiqlik münasibətləri haqqında Bəyannamə strateji əhəmiyyət
kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən,
beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər,
iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər
siyasətinin bir sıra parametrlərini də özündə ehtiva edir.
Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə,
Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Bütün
bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək
işbirliyinin etibarlı əsasını təmin edib.”

Türkiyə-Azərbaycan birliyinin strateji əhəmiyyətindən danışan
millət vəkili deyib: “Türkiyə və Azərbaycan sadəcə dost və qardaş
ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən
önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlıqdır. Artıq bütün dünya
bilir ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdə olacaq,
bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Prezident İlham
Əliyev Rizedə etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, hava
limanının açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı
Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür: “Biz hər zaman
bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də.
İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın
ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda
idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ
savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala
son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım
Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə
Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu.
Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana
qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və
Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.”

K.Qafarov açıqlamasının sonunda demişdir: “Rize-Artvin Hava
Limanının açılışı Türkiyədə gedən uğurlu inkişafın təzahürüdür.
Qardaş Türkiyə bu gün dünya miqyasında böyük güc mərkəzinə
çevrilib, söz sahibi olub. Həmçinin ölkə daxilində də böyük
layihələr icra olunur. Bunların arasında xüsusilə insanlara xidmət
göstərən layihələr – hava limanları, su anbarları, yollar,
körpülər, məktəblər, xəstəxanalar qeyd olunmalıdır. Bütün bunlar
Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və əlbəttə ki, bu
inkişaf hər iki qardaş ölkənin, bütün Türk dünyasının maraqlarına
bütünlüklə cavab verən bir prosesdir və Türkiyə kimi
Azərbaycanımızın da gücünə güc qatır”.

Teqlər: