Həbsdə olan sabiq bələdiyyə sədri Aytac Əliyevanın bacısı azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda
təqsirləndirilərək həbs edilən, Binəqədi rayon bələdiyyəsinin
keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın barəsində
olan həbs qərarından verilən şikayətə baxılıb.

AzerTimes-ın məlumatına görə, prosesdə şikayət araşdırılıb və qərar
qəbul edilib.

Məhkəmənin qərarı ilə İ. Əliyevanın barəsindəki həbs qətimkan
tədbiri ev dustaqlığına dəyişdirilib və o məhkəmə zalından azadlığa
buraxılıb.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac
Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək
məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Təqsirləndirilən şəxslər 16 epizod üzrə yarım milyon manata
yaxın dələduzluqda ittiham edilir.

Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından
torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və
Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət
Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla
törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun
bacısı İ.Əliyeva isə 178.2-ci (dələduzluq, qabaqcadan əlbir olan
bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: