Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür – Pərviz Şahbazov (FOTO)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin paytaxtı
Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas
Exporting Countries Forum-GECF) Nazirlərinin iclasında iştirak
edib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
çıxışında qlobal qaz sektorundakı mövcud qeyri-sabitliyi
şərtləndirən faktorlardan bəhs edib. Bir enerji növünün hakim
olacağı dünyanın qeyri-sabit olmaqla bərabər qeyri-real olduğunu,
yalnız ekoloji təhlükəsizliyə fokuslanaraq, sərt şəkildə təbii
qazdan imtinanın enerji təhlükəsizliyi üçün risklər yaratdığını
qeyd edib. Bildirilib ki, iqlim dəyişikliyinə qarşı mübarizə
vacibdir, lakin enerji daşıyıcılarının dəyəri və təchizatının
təhlükəsizliyi də zəruridir. Kotirovkaların volatilliyinə
baxmayaraq təbii qaz etibarlı elektrik enerjisi istehsalı, eləcə də
enerji sistemlərinin balanslaşdırılması üçün münasib mənbə kimi
qalmaqda davam edəcək. Təbii qazın iqlim neytrallığı hədəfinə doğru
körpü olduğunu vurğulayan energetika naziri qiymət sabitliyi üçün
bu enerji növünə lazımi dəstəyin vacibliyini diqqətə çatdırıb.

Yeni reallıqlar şəraitində Azərbaycanın həm bölgədə, həm də
Avropa qitəsində etibarlı enerji təchizatçısına çevrilməsində Cənub
Qaz Dəhlizinin roluna da toxunulub: “Həm enerji təhlükəsizliyi, həm
də ekoloji təhlükəsizlik tələblərini nəzərə alan Cənub Qaz Dəhlizi
hazırda daha çox ölkələrin enerji təchizatında perspektiv
prioritetlərdən biri kimi qəbul edilir və onun inkişafına böyük
maraq ifadə edilir. Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa
bazarının payına düşür. Avropalı istehlakçılar gündəlik 27 milyon
kubmetrə yaxın Azərbaycan qazı ilə təchiz olunur. İstismara
veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 14,8 milyard kubmetr,
Avropaya isə TAP ilə 9,4 milyard kubmetr qaz ixrac edilib”.

Həmçinin, Azərbaycanın özünü və tərəfdaşlarını uzun müddət təbii
qazla təmin etməsi üçün malik olduğu zəngin potensial barədə də
məlumat verilib.
Qeyd edək ki, 22 fevral tarixində Qaz İxrac edən Ölkələr Forumunun
(GECF) dövlət və hökumət başçılarının VI Sammiti keçiriləcək.

Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr
Forumunda müşahidəçi statusunda iştirak edir.

Teqlər: