Aprelin 1-də cənub-qərb istiqamətli hava axınları vasitəsilə
Afrika səhralarında formalaşan toz kütlələrinin ölkə ərazisinə
daxil olacağı gözlənilir.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
əməkdaşı Gülnarə Abbasova bildirib.
“Peyk görüntülərindən əldə olunan məlumata görə, respublika
ərazisində, əsasən də regionlarda havada toz hissəciklərinin
miqdarının normadan artıq olacağı ehtimal olunur”.
G.Abbasovanın sözlərinə görə, toz dumanının davam etmə müddəti
və havanın çirklənmə səviyyəsi barədə əlavə məlumat veriləcək.