Təqaüdçülərə qarşı dələduzluq edən şəxs ifşa olunub

Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o
cümlədən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara
qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti
əməliyyat-axtarış tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən
bir nəfər şəhər sakini təqaüdünü almaq üçün bankomata
yaxınlaşdığını, tanımadığı şəxsdən kömək istədiyini, lakin
sonuncunun kartda pul olmadığını deyərək kartı qaytardığını,
təqaüdlə bağlı banka müraciət edən zaman isə ona kart hesabında
olan məbləğin çıxarıldığı barədə məlumat verildiyini bildirib. Bir
müddət sonra eyni məzmunlu şikayətlə əlavə bir neçə şəhər sakini də
polis şöbəsinə müraciət edərək, onlara qarşı dələduzluq edildiyi
barədə məlumat veriblər.

Şirvan SPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış
tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən
Hacıqabul rayon sakini Namiq Bədəlov saxlanılaraq polis şöbəsinə
gətirilib.

Dindirilmə zamanı o törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, N.Bədəlov təqaüdlərin
verildiyi tarixlərdə guya yaşlı insanlara kömək məqsədilə
bankomatların qarşısında dayanıb, kömək istəyən şəxslərin
kartlarında olan pulları çıxarıb, vətəndaşlara isə kart
hesablarında pul olmadığını deyərək kartlarını geri qaytarırmış.
Bundan əlavə, bir neçə zərərçəkənin kartını qaytaran zaman onlara
başqa kart verib, hesabda olan pulları isə özünə məxsus kartlara
köçürüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar
aparılır.

Əgər N.Bədəlovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa
DİN-in “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri
xahiş olunur.

Teqlər: