Hansı halda yeni doğulmuş körpələrdə sarılığa rast gəlinir?

Səhiyyə Nazirliyinin mütəxəssisi Aygün Rüstəmxanlı yenidoğulan
körpələrdə sarılığa rast gəlinməsi barəsində danışıb.

Trend müsahibəni təqdim edir.

– Aygün xanım, ana südü sarılığı nədir ?

– Ana südü sarılığı (Arias hiperbilirubinemiya,
yenidoğulmuşların hiperbilirubinemiyası) ana südünün tərkibində
bəzi maddələrin artıqlığı və ya ana südünün azlığı ilə bağlı ortaya
çıxan sarılıqdır. Adətən öz-özünə keçib gedir, lakin həkim
nəzarətində olmaq çox önəmlidir. Uzanmış sarılıqlı körpələrin
müalicəsiylə yanaşı, onların lazım gəldikdə davamlı monitorinqi də
vacib məsələdir. Müalicəyə gecikdirilməməklə yanaşı lazımsız və
erkən müdaxilələr də əhəmiyyətsiz və zərərli ola bilər.

– Hansı halda yenidoğulmuş körpələrdə sarılığa rast gəlinir?

– Sarılıq yenidoğulmuşlarda tez-tez rast gəldiyimiz bir simptomdur.
Bətndaxili infeksiyalar zəminində yaranmış qan parcalanması,
yenidoğulmuş xolestazı, yenidoğulmuşun sidik yolu infeksiyası,
mümkün ola biləcək hər hansı bir mexaniki proseslər, inkişaf
qüsurları, irsi və metabolik, endokrin xəstəliklər yenidoğulmuşda
yaranmış sarılıq səbəbi olaraq qiymətləndirilir. Bu əlamətin hansı
səbəbdən yaranmasını həkimlər diqqətdə saxlamalı və ailələri
məlumatlandırmalıdılar.
Fizioloji və keçici dövr müxtəlif infeksiyalara bağlı
xəstəliklərdə, dərman müalicəsi qəbul edənlərdə, düzgün və yetərli
qidalandırılmayan körpələrdə, vaxtından erkən doğulmuşlarda daha
çox və dəyişkən ola bilər.
Vaxtında doğulmuşların təqribən yarısında, vaxtından erkən
doğulmuşların isə 70-80%-də sarılıq görülə bilər.

– Hansı sarılıqlara pataloji sarılıq deyilir?

– Patoloji sarılıq uşaq doğuduqdan dərhal sonra inkişaf edir. Bəzi
laborator və kliniki əlamətlər olduqda pataloji sarılığın olması
ehtimalı ilə müayinələr aparılmalıdır.
Qan müayinəsində bilirubin səviyyəsi 5 mg/dl olarsa, bu zaman
dəridə gözlə görülə biləcək sarılıq müşahidə olunacaq. Bu rəqəm ilk
gündən təyin olunsa, yenidoğulmuş körpənin sarılığının
dəyərləndirilməsi üçün hansı risk qrupu daşıdığı müəyyənləşməlidir.
Yüksək, orta və aşağı risk qruplu yenidoğulmuşlar bilirubin
izlənməsi üçün tərtib olunmuş xüsusi cədvəllərə əsasən nəzarətə
götürülməlidir.

– Bu zaman ailələr nəyə diqqət etməlidilər?

– Qeyd edim ki, sarılığın müalicəsinə bəzən ilk gün, ilk
saatlardan, bəzən isə evə yazıldıqdan da sonra müayinə zamanı qan
təhlillərinə əsasən başlanıla bilər.
Ailələr əsasən körpənin yetərli qidalanması, aktivliyi, fizioloji
aktların-sidik və nəcis ifrazının adekvatlığı, nəcisin rəngi, sayı
və s. diqqət etməlidilər. Onlar həkimin təyin etdiyi vaxtdan gec
olmayaraq körpəni müayinəyə aparmalıdılar.

– Müalicə zamanı önəmli məqam hansılardır?

– Yenidoğulan körpələrdə sarılığın erkən təyin olunması və
nəzarətdə saxlanılması olduqca vacibdir. Sarılığın müalicəsində
daha çox fototerapiyadan istifadə olunur. Bunun körpə üçün ziyansız
olduğu və fəsadın olmayacağını həkim hər bir ailəyə izah etməlidi.
Məsələn, 20 günlük, fiziki inkişafı, çəki artımı, aktivliyi normal
olan körpənin sarılığı var və eyni zamanda nəcis rəngsizdir
(axolikdir). Bu hal diqqətdən yayınarsa, sağalması mümkün olmayan
vəziyyət yarana bilər. Anadangəlmə xəstəlik olan “Biliar atreziya”
diaqnozu iki ay gecikdirilərsə, xəstənin xilası üçün erkən icra
olunmalı “Kasai” əməliyyatı da gecikmiş olacaq. Göründüyü kimi
nəcisin rəngsizliyi istiqamətvericidir. Bu kimi hallarda xəstələrin
müalicəsində fototerapiya və digər müalicələr faydasız
olacaqdır.
Körpənin izləmində, fizioloji çəki itkisinin vaxtında bərpası,
nəcis ifrazının sutkalıq sayının 3-4, sidik ifrazının 4-6 dəfə
olması düzgün və yetərli qidalanmasına dəlalət edir.

Teqlər: