Hakimlərə əqli mülkiyyət sahəsində təlim keçirilib (FOTO)

Cari ilin 17-18 may tarixlərində Əqli Mülkiyyət Agentliyi,
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və ABŞ Ticarət
Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP)
birgə təşkilatçılığı ilə hakimlər üçün “Əqli mülkiyyət barədə
məhkəmə qərarı” mövzusunda seminar keçirilib.

Agentlikdən AzerTimes-a bildirilib ki, tədbirin açılışında çıxış
edən Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin
Xələfov, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və
Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət
Həsənli, ABŞ-nın Azərbaycandakı səfirinin müavini cənab Maykl
Dikerson və CLDP proqramının beynəlxalq hüquq məsləhətçisi xanım
Arezo Yazd hakimlər üçün əqli mülkiyyət sahəsində təlimin
keçirilməsinin əhəmiyyətini vurğulayıblar və tədbirin işinə uğurlar
arzulayıblar.

Seminarda X.Həsənlinin “Azərbaycanda patent hüquqlarının
təminatı məsələləri” mövzusunda məruzəsi dinlənilib.

ABŞ-nın Altıncı Dairə Apelyasiya məhkəməsinin hakimi xanım
Bernis Donald, ABŞ-nın Minnesota şəhəri məhkəməsinin hakimi xanım
Beki Torson və Bakı şəhəri inzibati məhkəməsinin hakimi Günel
Sevdimalıyeva əqli mülkiyyət kazusları üzrə məhkəmə qərarıları
haqqında ABŞ və Azərbaycan təcrübələri haqqında ətraflı məlumat
veriblər.

Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət
şöbəsinin müdiri İqbal Əsgərov və həmin şöbənin müdir müavini Faiq
Əlizadə Agentliyin müəlliflik hüququ və sənaye mülkiyyəti
obyektləri üzrə mübahisələrin həlli üzrə fəaliyyəti və bu sahədə
məhkəmə təcrübəsi barəsində təqdimatlar ediblər.

Təlim prosesində vurulan zərərin hesablanması, əmtəə nişanları,
müəlliflik hüququ, retranslyasiyaya görə müəllif qonorarının
ödənilməsi, kommersiya sirri, proqram təminatı lisenziyaları, o
cümlədən əqli mülkiyyət sahəsində məhkəmə işləri barədə geniş fikir
mübadiləsi aparılıb.

Teqlər: