Gömrük Akademiyasının sonuncu kurs tələbələri istehsalat təcrübəsinə başlayıblar (FOTO)

Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələri 21
fevral 2022-ci il tarixindən etibarən müxtəlif gömrük orqanlarında
14 həftəlik istehsalat təcrübəsinə başlayıblar. Bu münasibətlə
Akademiya rəhbərliyinin və müvafiq struktur bölmələrin
əməkdaşlarının iştirakı ilə təcrübəyə keçəcək tələbələrlə görüş
keçirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük
xidməti general-mayoru Qulu Novruzov dövlət tərəfindən gənclərə
göstərilən diqqət və qayğıdan söz açaraq son illərdə gömrük
sahəsində aparılan islahatlardan, eləcə də Akademiyada keçirilən
beynəlxalq tədbirlərdən ətraflı bəhs edib. Qulu Novruzov istehsalat
təcrübəsinin dörd illik təhsilin sonuncu və çox önəmli bir
mərhələsi olduğunu vurğulayıb. O, Akademiyadakı təhsil müddətində
yüksək bilik və bacarıqlara yiyələnərək, nəzəri fənləri uğurla
bitirmiş İqtisadiyyat və Hüquqşünaslıq ixtisası üzrə IV kurs
tələbələrinə gömrük sahəsində praktiki bilikləri əldə etmələri üçün
bu təcrübənin önəmli bir fürsət olduğunu qeyd edib.
Akademiya rəisi gömrük orqanlarında təcrübə zamanı tələbələrin əldə
edəcəkləri biliklərin buraxılış işlərinin hazırlanmasında da
olduqca faydalı olacağını əminliklə ifadə edib. Çıxışının sonunda
Akademiya rəisi tələbələrə öz tövsiyələrini verib və onlara təcrübə
müddətində uğurlar arzulayıb.

Daha sonra Akademiyanın Elmi işlər üzrə rəis müavini Cəmilə
Namazova çıxış edərək tələbələrin hazırlıq səviyyəsinin müəyyən
edilməsində istehsalat təcrübəsinin əhəmiyyətini vurğulayaraq,
tələbələrin təcrübəli və hazırlıqlı kadr kimi formalaşmasında
təcrübənin müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. O,
tələbələrə təcrübə müddətində daha fəal olmağı və əldə edilən
biliklərdən səmərəli istifadə etməyi tövsiyə edib.
Tədbirin davamında Gömrük işi və idarəetmə kafedrasının müdiri
Elvin Əlirzayev tələbələrə təcrübə gündəliklərini təqdim edərək
onların doldurulması qaydaları, təcrübənin sonunda hesabatın
tərtibi və buraxılış işlərinin yazılması qaydaları ilə bağlı
təlimatlarla tanış edib.


Sonda tələbələri maraqlandıran suallar ətraflı
cavablandırılıb.

Teqlər: