Dohada Azərbaycan, Rusiya və İran nazirlərinin iştirakı ilə üçtərəfli görüş olub

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində
Dohada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Rusiya
Federasiyasının energetika naziri Nikolay Şulqinov və İranın
energetika naziri Əli Əkbər Mehrabianın iştirakı ilə üçtərəfli
görüş keçirilib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
ölkələr arasında enerji əməkdaşlığının gündəliyində olan məsələlər
müzakirə edilib. Şimal-Cənub elektrik enerjisi dəhlizinin
yaradılması istiqamətində görülən işlər nəzərdən keçirilib.
Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin
əlaqələndirilməsi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın
hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparılıb. Elektrik
enerjisi dəhlizinin hər üç ölkə üçün əhəmiyyətli olduğu
vurğulanaraq, layihənin texniki-iqtisadi əsaslandırması prosesinin
sürətləndirilməsinin vacibliyi qeyd edilib. Layihənin
texniki-iqtisadi əsaslandırmasına məsul şirkət “Monenco Iran”,
eləcə də hər üç ölkənin energetika nazirlikləri və müvafiq enerji
şirkətlərinin iştirakı ilə görüşün keçirilməsi təklif edilib.


Energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri
Əli Əkbər Mehrabian arasında ikitərəfli görüş də olub. Görüşdə iki
ölkə arasında enerji əməkdaşlığına, həmçinin “Xudafərin” və Qız
Qalası” su elektrik stansiyaları layihəsinin icrası ilə bağlı
məsələlər müzakirə edilib.

Teqlər: