Gömrük Akademiyasının rəhbərliyinin tələbələrlə silsilə görüşləri başlayıb (FOTO)

Aprelin 4-də Dövlət Gömrük Komitəsinin Akademiyasının
rəhbərliyinin müvafiq ixtisas qruplarının tələbələri ilə
görüşlərinə start verilib. Tələbələri narahat edən məsələlərlə
tanış olmaq, mövcud problemlərin həlli ilə bağlı təklifləri
dinləmək və onların həllinə nail olmaq məqsədilə təşkil edilən
silsilə görüşlər Akademiyanın rəhbərliyi, müvafiq struktur
bölmələrin əməkdaşları və tələbələrin iştirakı ilə keçirilir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor
Qulu Novruzov yüksək ixtisaslı peşəkar kadrların hazırlanması
məqsədilə Akademiyada son illər ərzində həyata keçirilən müxtəlif
fəaliyyət istiqamətləri haqqında ətraflı bəhs edib. Qulu Novruzov
Akademiyanın fəaliyyətində tələbələrin məmnunluğunun təmin
edilməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu
vurğulayıb. Tələbələrin milli mənəvi dəyərlərə bağlı,
vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmini qeyd edən
Akademiya rəisi ölkəmizin inkişafı naminə gənclərə üzərlərinə düşən
vəzifələrin öhdəsindən layiqincə gəlməyi və bu istiqamətdə bütün
güclərini səfərbər etməyi tövsiyə edib.

Daha sonra görüşdə cari semestrdə tədris prosesinin təşkili,
qiymətləndirmə, imtahan prosesi, mübadilə proqramları və digər
məsələlər barəsində tələbələrin problemləri və təklifləri
dinlənilərək onları maraqlandıran suallar Akademiyanın struktur
bölmələri tərəfindən ətraflı cavablandırılıb.

Sonda Akademiya rəisi daxil olan təklif və iradların operativ
araşdırılıb tədbir görülməsi ilə bağlı məsul şəxslərə müvafiq
göstərişlər verib.

Teqlər: