Şəkidə innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipi tarlada nümayiş etdirilib (FOTO)

Şəkidə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Çiləyicilərdən və gübrəsəpənlərdən istifadənin nümayişi”
mövzusunda tarla müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüfatı
Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri, Şəki
rayon icra hakimiyyətinin məsul şəxsləri, kənd təsərrüfatı
texnikalarının təchizatçıları, kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlər
iştirak ediblər.

Nazirlikdən AzerTimes-a bildirilib ki, müşavirədə təchizatçı
şirkətlər tərəfindən innovativ texnikalar, innovativ çiləyicilər və
gübrəsəpənlərin iş prinsipi, bu texnikaların nizamlanması qaydaları
tarla şəraitində nümayiş etdirilib. Bildirilib ki, aqrar sektorda
innovasiyaların geniş tətbiqi kənd təsərrüfatının intensiv
inkişafına zəmin yaradır. Ölkəmizdə bütün sahələrdə innovativ
texnikalardan geniş istifadə dövlət səviyyəsində dəstəklənir,
innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata
keçirilir. Fermerlərimiz dövlət tərəfindən maliyyə dəstəyi alır, o
cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən
güzəştlər tətbiq edilir. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin
təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib ki,
innovativ texnikalardan geniş istifadə məhsuldarlığı dəfələrlə
artmasına səbəb olur. Eyni zamanda, innovativ texnikaların geniş
tətbiqi nəticəsində torpaq və su resurslarından daha səmərəli
istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox
gəlir əldə edirlər.

Müşavirənin keçirilməsində məqsəd respublikaya idxal edilən
innovativ texnikalar və kənd təsərrüfatı istehsal vasitələrinin
satış qaydaları barədə fermerlərin məlumatlandırılması, həmin
texnikaların iş prinsipinin birbaşa tarlada nümayiş etdirilməsi,
onlardan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına dair
təlimatlandırma işlərinin aparılması, təchizatçı şirkətlərlə
fermerlər arasında əlaqələrin qurulmasına nail olmaqdır. Tədbir
çərçivəsində taxıl əkinlərində üzvi və mineral gübrələrin
əhəmiyyəti, zərərvericilərə və alaq otlarına qarşı innovativ
texnikalardan istifadə edərək səmərəli mübarizə tədbirlərinin
təşkili barədə fermerlərə ətraflı məlumat verilib. Müşavirədə
taxılçıqla məşğul olan fermerlərə payızlıq əkinlərdə aqrotexniki
qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə
gübrələrinin verilməsi və alaq otlarına qarşı mübarizə
tədbirlərinin sürətləndirilməsi tövsiyə edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb və fikir
mübadiləsi aparılıb. Bu formatda müşavirələrin respublikanın digər
rayonlarında da təşkil edilməsi nəzərdə tutulur.

Teqlər: