Gömrük Akademiyasında şəhid ailələri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında ölkəmizin ərazi
bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın
ailə üzvləri ilə görüş keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi,
əməkdaşları, millət vəkilləri Sadiq Qurbanov, Fazil Mustafa və
Əliabbas Salahzadə, Zabrat qəsəbəsi Ağsaqqallar Şurasının sədri
Səfixan Gəncəliyev, şəhid ailələri və ictimaiyyət nümayəndələri
iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik
zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük
xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını
salamlayaraq təhsilalanların dövlətə və dövlətçiliyə sadiq,
vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində Akademiyada
keçirilən silsilə tədbirlərdən söz açıb. Müqəddəs Ramazan ayına
təsadüf edən tədbirin əhəmiyyətindən bəhs edən Akademiya rəisi,
dəvəti qəbul edib gəldiklərinə görə qonaqlara və xüsusilə şəhid
ailələrinə öz təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli
Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Qulu
Novruzov həmin qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər
birimizin qürur duyduğunu bildirib. Vətən müharibəsində qazanılan
şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil
etdiyini qeyd edən Akademiya rəisi ölkəmizin ərazi bütövlüyünün
bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə
rəhmət, qazilərə isə şəfa diləyib.

Daha sonra çıxış edən millət vəkilləri Sadiq Qurbanov və Fazil
Mustafa adları Vətən tarixinə qızıl hərflərlə yazılan
şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların
gələcək nəsillərə örnək olduğunu bildiriblər. Tarixi Qələbənin
şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayan millət
vəkilləri belə vətənpərvər, mərd, şücaətli övladlar
yetişdirdiklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını
bildiriblər. Onlar həmçinin dövlətimizin və xalqımızın hər zaman
şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin
həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə
çatdırıblar.

Tədbirdə çıxış edən Zabrat qəsəbəsi Ağsaqqallar Şurasının sədri,
Respublika və Sabunçu rayon Ağsaqqallar Şurasının üzvü Səfixan
Gəncəliyev də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad
olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın vüqarla
dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

Daha sonra tədbirdə şəhid valideynləri adından şəhid
polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva və Vətən
müharibəsi qəhrəmanı şəhid mayor Elçin Mansurovun anası Məleykə
Məcidova çıxış edərək ölkə rəhbərliyi və dövlət tərəfindən onlara
göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər,
şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində təşkil
edilən bu cür önəmli tədbirə görə Akademiya rəhbərliyinə təşəkkür
ediblər.

Daha sonra tədbir tələbələrin təqdim etdikləri vətənpərvərlik
ruhunda şeirlər, musiqi nömrələri və kompozisiyalar ilə davam
edib.

Tədbirin rəsmi hissəsindən sonra vətənin bütövlüyü uğrunda
canlarını fəda edən şəhidlərimizin ailə üzvləri üçün iftar süfrəsi
açılıb. Mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, onların
xatirəsi ehtiramla yad edilib.

Teqlər: