Gənclərin ürəktutmadan ölümü vaksinlə bağlıdır?

Gənclərin ürəktutmadan ölümü vaksinlə bağlıdır?

Vaksin haqqında yayılan informasiyanın heç bir elmi əsası yoxdur. Pandemiya başlayandan yanlış informasiyaların yayılması vaksinasiyanın aparılma prosesinə xeyli ziyan vurdu.

Bu sözləri AzerTimes-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla ölkəmizdə gənc yaşlarda ürəktutmadan ölüm halının artmasının səbəbi kimi göstərilən vaksinlə bağlı danışarkən deyib.

Professor bildirib ki, koronavirusun orqanizmdə qoyduğu izlər var:

“Koronavirus keçirən insanlarda autimon, onkoloji və müxtəlif xəstəliklərin baş qaldırmasını müşahidə edirik. Əlbəttə, bu gün dünyada bunların koronavirusa nə dərəcədə bağlı olmasıyla bağlı çox intensiv işlər gedir və yəqin ki, yaxın vaxtlarda onun nəticələri elan olunacaq. Amma bunun vaksinasiyaya bağlılığı qətiyyən düzgün deyil”.

Adil Qeybullanın sözlərinə görə, ürək-damar xəstəliklərinin yaranmasının çox ciddi səbəbləri var:

“Birinci səbəb insanların təmbəlləşməsi, oturaq həyat tərzi, həddindən artıq çox qida və alkoqol qəbulu, az hərəkət etməsi və siqaret çəkməkdir. Bu məsələlər bu gün ürək-damar xəstəliklərinin əsasında dayanır. Biz əsas səbəbləri bunda axtarmalıyıq, nəinki digər faktorlarda”.

Teqlər: