Gənclərin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib (FOTO)

31 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və
Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə
31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş
elmi-praktiki konfrans keçirilib. Konfrans Dövlət İdarəçilik
Akademiyası ilə Gənclər Fondu arasında imzalanmış 18 mart 2022-ci
il tarixli Anlaşma Memorandumuna əlavə olunan Fəaliyyət Planı
çərçivəsində təşkil edilib.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən 20-yə yaxın gənclər
təşkilatlarının rəhbərləri və akademiyanın fəal tələbələri iştirak
ediblər. Konfransa moderatorluq edən Dövlət İdarəçilik
Akademiyasının sosial məsələlər, təşkilati işlər və təlim-tərbiyə
işləri üzrə müşaviri Zaur Məmmədov çıxışı zamanı ermənilərin
azərbaycanlılara qarşı mütəmadi olaraq etnik təmizləmə siyasəti
həyata keçirdiklərini vurğulayıb, gənc nəslin tarixdə baş vermiş
həmin hadisələri unutmamaları üçün onların daim maariflənmələrinin
vacibliyinə toxunub. Gənclər Fondunun icraçı direktorunun müavini
Qədir Xəlilov çıxışında Ümummilli Lider Heydər Əliyevin 1918-ci il
hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində atdığı
addımların əhəmiyyətini vurğulayaraq Azərbaycan Respublikası
Prezidentinin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların
soyqırımı haqqında” Fərmanının bu baxımdan müstəsna rolunu qeyd
etdi.

Daha sonra, DİA-nın Tarix kafedrasının müdiri, dosent
Firdovsiyyə Əhmədova tədbir iştirakçılarına azərbaycanlılara qarşı
törədilmiş soyqırımı cinayətinin tarixi detalları, hadisənin
beynəlxalq hüquq prizmasından qiymətləndirilməsi və digər
aspektləri barədə geniş məlumat verdi, azərbaycanlıların son iki
yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik
təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz
tarixi torpaqlarından didərgin salındığını, qaçqın və məcburi
köçkünə çevrildiyini bildirdi. O, 1918-ci ilin mart-aprel aylarında
erməni-daşnak silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla
törədilmiş kütləvi qırğınlarla son 30 ildəki hadisələr arasında
paralellər aparıb, tarixdən dərs çıxarmağımızın zəruriliyini qeyd
edib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının
sədri Azər Əliyev çıxışında gənclərin informasiya müharibəsi
sahəsindəki rolunu qeyd edərək məlumatlandırma işlərinin davamlı
qaydada aparılmasının zərurətini vurğuladı və bu xüsusda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin gənclərə tövsiyələrini
qeyd etdi.

Yekunda Azərbaycan gənclər təşkilatlarının nümayəndələri dünya
ölkələri və beynəlxalq təşkilatlara müraciət edərək bəşəriyyət
əleyhinə qarşı törədilmiş bu cür əməllərin təkrarlanmaması üçün
1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş
soyqırımı cinayətini ikili standartlara yol vermədən tanımağa
çağırış etdilər.

Teqlər: