İctimai rəyə hər zaman həssaslıqla yanaşdığını iddia edən Fransa parlamentarilərinin soydaşlarımızın haqlı narazılıqlarına səbəb olan müraciətlərinə diqqət yetirəcəyini gözləyirik.
AzerTimes xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib.
Belə ki, Fransa Senatında 15 noyabr tarixində Azərbaycan əleyhinə qətnamə layihəsinə baxılması nəzərdə tutulur. Qətnamə layihəsi bir çox azərbaycanlıların hiddətinə səbəb olmuş və onun əleyhinə nüfuzlu Mesopinions.com petisiya saytında Fransa Senatına, hökumətinə və xalqına ünvanlanmış və qısa müddətdə 110000-ə yaxın imza toplamış müraciət yerləşdirilib. Lakin, Fransa tərəfi sözügedən petisiyaya əhəmiyyət vermir. A.Hacızdənin məsələyə münasibəti belə olub:
“Göründüyü kimi, ölkəmizə qarşı ədalətsizliyə etiraz olaraq bir qrup soydaşımız tərəfindən ictimai əsasda irəli sürülmüş bu təşəbbüs qısa müddət ərzində geniş dəstək toplamışdır. Məlumata əsasən, yalnız Fransadakı azərbaycanlılar deyil, bir sıra digər xarici ölkələrdə yaşayan həmvətənlərimiz də bu təşəbbüsə öz imzaları ilə dəstək vermişlər. Bu addımlar, həmvətənlərimiz tərəfindən göstərilən həmrəyliyin və birliyin nümunəsidir. Təqdirəlayiq haldır ki, bu müraciət qeyd edilən portalda yerləşdirilən digər petisiyalarla müqayisədə əhəmiyyətli sayda çox dəstək cəlb edib. Buna baxmayaraq, daha az səs toplayan və daha az əhəmiyyətə malik müraciətlər ilə müqayisədə azərbaycanlıların bu petisiyasına indiyə qədər Fransa tərəfindən reaksiya bildirilməyib. İctimai rəyə hər zaman həssaslıqla yanaşdığını iddia edən Fransa parlamentarilərinin soydaşlarımızın haqlı narazılıqlarına səbəb olan müraciətlərinə diqqət yetirəcəyini gözləyirik”.