Fransa prokurorluğu “Nissan”ın keçmiş rəhbərini beynəlxalq axtarışa verib

Fransa prokurorluğu “Renault-Nissan-Mitsubishi” avtomobil
konserninin keçmiş rəhbəri Karlos Qonun beynəlxalq axtarışını elan
edib.

Trend-in
məlumatına görə, o, “vəzifə səlahiyyətlərindən sui-istifadə və
çirkli pulların yuyulması”nda ittiham olunur.

Fransa mətbuatı bildirir ki, söhbət 15 milyon avroya yaxın
vəsaitlə bağlı şübhəli əməliyyatlardan gedir.

Qeyd edək ki, Fransa, Braziliya və Livan vətəndaşlığı olan
Karlos Qon 2018-ci ilin noyabrında Yaponiyada həbs olunmuşdu. O, 80
milyon dollardan çox məbləği maliyyə bəyannaməsindən gizlətməkdə
təqsirli bilinmişdi.

2019-cu ilin aprelində ev həbsinə buraxılan “Nissan”ın sabiq
rəhbəri Yaponiyanı qeyri-leqal şəkildə tərk edərək Livana
qaçmışdı.